Türkiyə Respublikasının qurulmasının 98-ci ildönümü münasibəti ilə Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi (TÜRKDAM) "Türk Dünyası ilə Birlikdə Cümhuriyyət Bayramımızı Qutlayırıq" adlı onlayn tədbir keçirib.

 

Qazi Universitetinin təhsil fakültəsinin müəllimi, professor Bülənt Aksoyun moderatorluğu ilə həyata keçirilən tədbirdə təhsil ocağının rektoru, professor Musa Yıldız, TÜRKDAM-ın direktoru, professor Alev Çakmakoğlu Kuru, Türk dünyasının dəyərli universitetlərinin rektorları, dekanlar, professor-müəllim heyəti, qonaqlar və tələbələr iştirak ediblər.

 

Tədbirdə Qırğızıstan, Özbəkistan, Azərbaycan kimi bir çox ölkələrin universitetləri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor  Cəfər Cəfərov da iştirak edib.

 

 “Qazi Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsuna desant çıxararaq müstəmləkəçi və işğalçı dövlətlərə qarşı başlatdığı Milli Mübarizə Türk xalqının fədakarlığı, əzmi və qətiyyəti ilə zəfərlə nəticələndi. Bu mübarizə 1923-cü il oktyabrın 29-da Cümhuriyyətin elan edilməsi ilə taclandı”-deyə rektor Musa Yıldız açılış nitqində bildirib. O, Qarabağ zəfərinə də toxunub və bu zəfərin ardından türk birliyinin daha da gücləndiyini söyləyib.  

 

Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin direktoru Prof. Dr. Alev Çakmakoğlu Kuru isə türk dünyası ölkələrinə salamlarını belə ifadə edib:  "Cümhuriyyətimizin 98-ci ildönümünü qeyd etdiyimiz bu mənalı gündə Qazi Mustafa Kamal Atatürkün adını daşıyan Qazi Universitetimizdən hər kəsi salamlayıram. Cümhuriyyətimizlə az qala yaşıd olan universitetimizdən dostlarımıza və bu bayram sevincini hamımızla paylaşan Türk dünyasından dostlarımıza təşəkkür edirəm".

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov Türkiyə və Azərbaycan mədəniyyətlərinin ortaq olduğunu diqqətə çatdırıb. Türkiyə ilə Azərbaycanın dost olduğunu bildirən professor “Bu dostluq ən son Qarabağda özünü göstərdi”, - deyə vurğulayıb.

 

Proqram çərçivəsində ADPU-nun incəsənt və fiziki tərbiyə fakültəsinin xor ansamblının ifasında "Çanakkale keçilmez" kompozisiyası da təqdim edilib.