Azərbaycan Dillər Universitetinin (ADU) əməkdaşları Təhsil 1 fakültəsinin şəhid tələbəsi Əzim Həsənovun Mingəçevir şəhərində keçirilən anım mərasimində iştirak ediblər.

 

Anım tədbirinə qatılan rektor köməkçisi, fəlsəfə doktoru Anar Osmanlı, Təhsil 1 fakültəsinin dekanı, professor Fikrət Cahangirov, Təhsil 2 fakültəsinin dekanı, dosent Salman Nuriyev, Pedaqogika kafedrasının müdiri, dosent Nigar Zeynalova və Xarici dillərin tədrisi metodikası kafedrasının müdiri, dosent Günay Şirəliyeva Mingəçevir şəhər Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.

 

Qeyd edək ki, Əzim Həsənov 1998-ci ildə Balakən rayonunun Kortala kəndində anadan olub. Əsli  Qarabağdandır. Qarabağın işğalından sonra Əzimin ailəsi müvəqqəti olaraq Mingəçevir şəhərində məskunlaşıb. Əzim Həsənov 3-cü sinifə qədər Mingəçevir şəhərində yerləşən Ağdam 52 saylı orta məktəbdə, sonra isə Mingəçevir şəhər 19 saylı orta məktəbdə təhsil alıb. Orta məktəbi əla qiymətlərlə bitirib,  2015-ci ildə Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinə İngilis dili müəllimliyi ixtisası üzrə qəbul olunub. Tələbəlik illərində elmi biliklərini inkişaf etdirməklə yanaşı, “Vətənpərvərlər departamenti”nin üzvü olaraq “Təşəkkürnamə” ilə təltif edilib. Fakültənin professor-müəllim heyəti və tələbə yoldaşları onu hər zaman xoş sözlərlə xatırlayır.

 

Əzim Həsənov 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. O, hərbi xidmətdə olarkən İkinci Qarabağ müharibəsi başlayıb. Əzim “həmlə taboru”nda xidmət edərək Cəbrayıl, Hadrut, Xocavənd və Füzuli uğrunda aparılan döyüşlərdə cəsarətlə vuruşub, Füzulinin Aşağı Seyidəhmədli kəndində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.