Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Ukraynaya səfəri çərçivəsində Kiyev Milli Texnologiya və Dizayn Universitetində (Kyiv National University of Technologies and Design - KNUTD) olub.

 

KNUTD rektoru İvan Qrişenko Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb. Ötən il 90 illik yubileyi qeyd edilən KNUTD-un keçdiyi inkişaf yolu haqqında məlumat verən İ.Qrişenko universitetdə həyata keçirilən kadr hazırlığı istiqamətləri barədə danışıb. O, iki universitet arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulacağına əminliyini bildirib.

 

MDU-nun rektoru Ş.Bayramov 90 illik tarixi olan KNUTD ilə hərtərəfli əməkdaşlığın inkişafı üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Hər iki universitetdə uyğun ixtisaslar üzrə kadr hazırlığının həyata keçirildiyini bildirən Ş.Bayramov tədris, elmi tədqiqat və ortaq layihələr istiqamətində görülə biləcək konkret işlərdən bəhs edib. KNUTD-da Azərbaycan Mərkəzinin fəaliyyət göstərməsindən məmnunluğunu bildirən Ş.Bayramov dost ölkənin sürətlə yenilənən ali təhsil müəssisəsi ilə əməkdaşlıq əlaqələrinin qurulmasının MDU-nun potensialının güclənməsinə töhfə verəcəyinə inandığını söyləyib.

 

Görüşdə MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanıb. Sonra MDU-nun rektoru KNUTD-da Azərbaycan Mərkəzinə baş çəkib, universitetin mövcud infrastrukturu və laboratoriyaları ilə tanış olub.