Naxçıvan Dövlət Universitetində (NDU) “Fizika və astronomiyanın müasir problemləri” mövzusunda vebinar təşkil edilib.

 

Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, elmin inkişafı strategiyasının işlənilməsi istiqamətində müasir fizikanın və ona bağlı olan elmlərin tətbiq sahələri ilə əlaqəsinin aydınlaşdırılması, bu əlaqələrin müəyyənləşdirilməsi yollarının axtarılması zərurəti gündəmdədir. Rektor elmin müxtəlif sahələrinin kəsişməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhvəsini verəcək bu cür vebinarların əhəmiyyətini önə çəkib. Qeyd edib ki, ali təhsil ocağında bakalavr üzrə Fizika və Fizika müəllimliyi, magistratura üzrə Fizika fənninin tədrisi, metodikası və metodologiyası, Yarımkeçiricilər fizikası, doktorantura üzrə isə Nəzəri fizika, Yarımkeçiricilər fizikası, Bərk cisimlər fizikası ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir.

 

E.İsayev bu ixtisaslar üzrə təhsil alan tələbələrin müvafiq laboratoriyalarda keçdikləri təcrübi dərslərin əhəmiyyətindən də danışıb.

 

“Aerokosmik üsulların ətraf mühitin və zəlzələlərin öyrənilməsində istifadə edilməsi” mövzusundakı çıxışında texnika üzrə elmlər doktoru, professor Fuad Hacızadə uzaqdan aerokosmik, həmçinin hava üsulları  və kosmik metodlar barəsində məlumat verib.

 

Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov isə qeyd edib ki, rəsədxananın elmi fəaliyyətində ulduzlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi əsas yer tutur. Bu sahədə əsas tədqiqatlar ulduz atmosferlərində və qalaktikalarda baş verən qeyri-stasionar proseslərin öyrənilməsinə yönəlib. Bildirilib ki, tədqiqatlar rəsədxanadakı ulduz teleskoplarında alınmış müşahidə materialları əsasında aparılır.

 

NDU-nun fizika üzrə fəlsəfə doktoru, dosent Xanəli Həsənov daşıyıcı raketlərin hərəkətinin spesifik xüsusiyyətlərini təhlil edib.

 

“Asteroid-komet təhlükəsi problemi” mövzusundakı çıxışında fizika üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev yerin kosmik cisimlərlə-kometlər, asteroidlər, meteroidlərlərlə toqquşma təhlükəsi ilə bağlı anlayışın 1980-ci ildə irəli sürüldüyünü diqqətə çatdırıb. Bildirib ki, hazırda astronomlar belə asteroidləri müntəzəm sürətdə müşahidə edirlər.

 

Vebinar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələrin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.