Son  vaxtlar azərbaycanlı gənclərin dünyanın nüfuzlu elmi  nəşrlərində müntəzəm olaraq tədqiqat materialları ilə çıxış etmələri onların  intellektual potensialının  və tədqiqatçılıq bacarıqlarının yüksək səviyyəsindən xəbər verir. Bu, olduqca sevindirici və qürurverici məqamdır. 


Bu günlərdə Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşları - İnqilab Şahbazov və Zaur Əfəndiyevin birlikdə həyata keçirdikləri kriminoloji tədqiqatın nəticəsi  dünyanın  nüfuzlu bazalarından olan “Web of Science” və “Scopus” –da indekslənən “Comparative Sociology” jurnalında nəşr edilib. 


Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu, Azərbaycan Elm Assosiasiyasının həmsədri İnqilab Şahbazovun sözlərinə görə, tədqiqat işində Azərbaycanın şəhər və rayonları üzrə aparılan data analizi vasitəsilə sağlamlıq və mülkiyyət əleyhinə olan cinayətlərə təsir edən sosial və iqtisadi amillər müəyyən olunub. Analizin nəticələrinə əsasən, mülkiyyət əleyhinə olan cinayətlər (məsələn, oğurluq) digər cinayət kateqoriyalarına nisbətdə sosial və iqtisadi şəraitdən daha çox asılıdır.


Məqalənin abstraktı ilə tanış olmaq üçün bu keçidə daxil olmaq mümkündür: https://brill.com/view/journals/coso/20/4/article- p501_4.xml?ebody=Article%20details.
İkinci məqalə- gənclərin “soyuq silah”  gəzdirmə motivlərinə dair sosioloji tədqiqatın nəticələri də beynəlxalq jurnalda dərc olunub. “Soyuq silah” gəzdirmə motivlərinə dair sosioloji tədqiqatların sayı son bir neçə ildə artmaqdadır. 


Azərbaycanda bu problemi öyrənən tədqiqatın nəticələri “Scopus” bazasında indekslənən “International Criminal Justice Review” jurnalında nəşr edilib. İnqilab Şahbazov, Qoşqar Məhərrəmov, Orxan Fərəcli və Əfsanə Rüstəmovanın keyfiyyət metodologiyası çərçivəsində həmmüəllifliklə apardığı araşdırmada 27 nəfər psixoloq və sosioloq, həmçinin 5 soyuq silah gəzdirən gənclə (yaşları 15-17 arası) keçirilmiş müsahibələr gedişində gənclərin “soyuq silah” gəzdirmə motivləri öyrənilib.


Əsas motiv kimi “qanuni oğru”ların sosial şəbəkələr və media vasitəsilə gənclərin üzərindəki təsiri qarşıya çıxıb. Tədqiqat işində bəhs olunan problemə dair bir sıra digər faktorlar araşdırılıb. Nəzərə çatdıraq ki, bu günə kimi bu mövzu keyfiyyət metodologiyası vasitəsilə ABŞ və İngiltərədən başqa, heç bir ölkədə tədqiqatçılar tərəfindən öyrənilməyib,  bu barədə beynəlxalq jurnallarda məqalə nəşr edilməyib. Məqalənin abstraktı ilə tanış olmaq üçün bu keçidə daxil olmaq mümkündür:

https://journals.sagepub.com/doi/abs/10.1177/10575677211042070?fbclid=IwAR24if5lvSDa6ZZNn5gEd11wVdoCgwxAyQ2Z3BKk6DIgg6PH6mnBkmVrMzw&journalCode=icja

 

Oruc MUSTAFAYEV