Mingəçevir Dövlət Universiteti (MDU) və Türkiyənin Qazi Universiteti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Zəfərinin birinci ildönümünə həsr olunan birgə elmi konfrans keçirilib. Konfransda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak ediblər.

 

Qazi Universitetinin “Atatürk Qanunları və İnqilab Tarixi Araşdırma və Tətbiq Mərkəzi”nin rəhbəri Mehmet Ali Çakmakın moderatorluq etdiyi konfransın açılışında Qazi Universitetinin rektoru Musa Yıldız və MDU-nun rektoru Şahin Bayramov çıxış ediblər.

 

M.Yıldız Azərbaycan xalqını Zəfər Bayramı münasibətilə təbrik edib və Böyük Zəfərin birinci ildönümünün qardaş ölkənin universiteti ilə birlikdə qeyd edilməsindən məmnunluğunu bildirib.

 

Müxtəlif tarixi dövrlərdə ermənilərin əzəli Azərbaycan torpaqlarına köçürülməsindən bəhs edən  M.Yıldız aparılan etnik təmizləmə və işğalçılıq siyasətindən, törədilən terror və soyqırım cinayətlərindən danışıb.

 

Otuz il ərzində ermənilərin Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlaması, münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların nəticəsiz qalması və ermənilərin tez-tez hərbi təxribatlara əl atmasından söhbət açan M.Yıldız bütün bunların 44 günlük Vətən müharibəsinin başlanmasına zəmin yaratdığını deyib.

 

Qazi Universiteti olaraq hər zaman Azərbaycanın haqq işini dəstəklədiklərini diqqətə çatdıran M.Yıldız rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə həyata keçirilən tədbirlər haqqında məlumat verib. Hazırda Qazi Universitetinin iki professorunun MDU-da fəaliyyət göstərdiyini vurğulayan rektor qardaş ölkənin universiteti ilə işbirliyinə daim hazır olduqlarını bildirib, konfransın təşkilində əməyi olanlara və məruzəçilərə təşəkkür edib.

 

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən bəhs edən MDU-nun rektoru Ş.Bayramov otuz illik yurd həsrətindən sonra torpaqlarımızın işğaldan azad edildiyini, tarixi ədalətin və milli qürurun bərpa olunduğunu söyləyib.

 

Hər birimizə sonsuz fəxarət hissləri yaşadan şanlı Qələbənin əldə edilməsində igid əsgər və zabitlərimizin mühüm pay sahibi olduqlarını diqqətə çatdıran Ş.Bayramov ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik məqamına yüksələn qəhrəmanlarımızın əziz xatirəsinin heç zaman unudulmayacağını bildirib.

 

Tarixin bütün dönəmlərində olduğu kimi, Vətən müharibəsinin başladığı ilk anlardan etibarən qardaş Türkiyənin daim Azərbaycanın yanında olduğunu, böyük siyasi, diplomatik və mənəvi dəstək göstərdiyini vurğulayan rektor Qarabağ Zəfərinin Azərbaycan-Türkiyə birliyinin gücünü dünyaya nümayiş etdirdiyini, qardaşlıq münasibətlərini daha yüksək zirvələrə ucaltdığını qeyd edib. 

 

Daha sonra konfransın proqramına uyğun olaraq Qazi Universitetinin professoru Selma Yel “Şuşa Bəyannaməsinin tarixi fonu”, MDU-nun dosenti Nizami Zeynalov “Bölgənin geosiyasi mənzərəsini dəyişən Tarixi Zəfər”, Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl “İkinci Qarabağ Savaşında Zəfəri təmin edən amillər və nəticələr”, MDU-nun dosenti Esmira Cəfərova “Cənubi Qafqazda əbədi sülh, təhlükəsizlik və hərtərəfli inkişaf perspektivləri” mövzularında məruzələrlə çıxış ediblər.

 

Konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.