Təhsil Nazirliyi "Təhsil" Respublika İdman Mərkəzinin 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbində 8 noyabr Zəfər Günü və 9 noyabr – Dövlət Bayrağı Günü  münasibətilə yeniyetmə və gənclər arasında turnir keçirilib.  

 

Stolüstü tenis, boks, şahmat, basketbol və futbol idman növü üzrə keçirilən turnirin bağlanış mərasimində çıxış edən idman məktəbinin direktoru Natiq Ələkbərov  bildirib ki, hər iki bayram günü xalqımızın həyatında əlamətdar və müqəddəs günlərdəndir. N.Ələkbərov sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsini tariximizin ən parlaq səhifəsi adlandırıb. Vurğulayıb ki, Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.  “Şuşanın işğaldan azad edilməsi ordumuzun daha da güclü olmasını bir daha sübuta yetirdi.  Bu əməliyyat  ordumuzun peşəkarlığı, hərbçilərimizin cəsarəti, qəhrəmanlığı sayəsində Şuşanın azadlığı ilə başa çatdı”-deyə direktor əlavə edib.

 

Qaradağ rayon Gənclər və İdman İdarəsinin  rəisi Elçin Abbasov da hər iki bayramın əhəmiyyətindən danışaraq qeyd edib ki,  Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kapitulyasiyasına nail olduq!

 

Tədbirin sonunda I, II, III yerləri tutan  idmançılar diplom, medal və hədiyyələrlə təltif olunublar.

 

Rəşad ZİYADOV