Mingəçevir Dövlət Universitetində (MDU) “Narkomaniyaya yox deyək!” mövzusunda elmi-praktiki seminar keçirilib.  Seminarda universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

 

Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusifova bəşəriyyətin ən təhlükəli bəlalarından hesab edilən narkomaniyaya qarşı mübarizədə maarifləndirici tədbirlərin önəmindən bəhs edib. Bildirilib ki, seminarın keçirilməsində əsas məqsəd tələbə gənclər arasında narkomaniyanın fəsadları barədə təbliğat aparmaq və bu sosial problemə qarşı mübarizə tədbirləri haqda onları məlumatlandırmaqdır.

 

Sonra proqrama uyğun olaraq məruzələr dinlənilib.

 

Mingəçevir Rayonlararası Narkoloji Dispanserin həkim-narkoloqu Zeynəb Balakişiyeva “Narkomaniyaya qarşı tibbi-profilaktik tədbirlər”, MDU-nun tələbələrindən Günay Nəsibova “Narkotik maddələrin kliniki əlamətləri və fəsadları”, Elgün Eyvazov “Məhv edilən narkotrafik, talanan Qarabağ, riyakar qonşuluq”, Səma Mustafayeva “Dizayner narkotiklər - gəncliyin bəlası”, Aytac Məmmədova ”Bədii ədəbiyyat narkomaniyaya qarşı mübarizə vasitələrindən biri kimi”, Gültac Sadəddinli “Sağlam həyat naminə narkomaniyaya yox deyək!” mövzularında məruzələrlə çıxış ediblər.

 

Məruzələrdə narkomaniyaya yol açan sosial, bioloji və psixoloji amillər, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə mənfi təsirləri, narkomaniya ilə mübarizənin effektiv üsulları və digər məsələlər haqqında ətraflı məlumat verilib.

 

Sonda məruzələr ətrafında geniş müzakirələr aparılıb.