Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

 

Sumqayıt Dövlət Universitetində təşkil olunan görüşdə  ali məktəbin rektoru, professor Elxan Hüseynov, Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanov açılış nitqi ilə çıxış ediblər. Natiqlər  44 günlük Vətən müharibəsi ilə bağlı maarifləndirici görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış Vətənin qəhrəman oğullarının tanıdılması, gənc nəslə örnək olmasının vacibliyini qeyd ediblər.

 

Sonra  44 günlük müharibəni əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbirdə ATGTİ-nin Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş “Azərbaycan Gəncliyi Vətən Müharibəsində” adlı jurnal, “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktor müşaviri Elşən Qəhrəmanov  https://shehidimiz.az/ saytı barədə ətraflı məlumat veriblər.

 

Vətən müharibəsi qaziləri – Tərlan Həmdullayev, Əfəndi Balacanov və Azim Nuruyev isə savaşla bağlı xatirələrini tələbələrlə bölüşüblər. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü təmin etmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər.

 

Tədbir qazilərlə tələbələr arasında sual-cavab sessiyası ilə davam edib.