Bakı Ali Neft Məktəbində (BANM) 2021/2022-ci tədris ilində ali məktəbə qəbul olan tələbələr üçün Orientasiya proqramı keçirilib.

 

Proqram çərçivəsində rektor Elmar Qasımovun rəhbərliyi və BANM-in müxtəlif şöbələrinin əməkdaşlarının iştirakı ilə I kurs tələbələri, onların valideynləri və Biznesin idarə edilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələr üçün görüş təşkil olunub.

 

Rektor E.Qasımov bu il ali məktəbə daxil olmuş Hazırlıq ilinin ("Foundation") tələbələri və onların valideynlərini təbrik edib. Təhsil ocağının uğurları, göstəriciləri və məzunları, eyni zamanda təlim-tədris prosesi haqqında ətraflı məlumat verən rektor bildirib ki, ən savadlı, bilikli, bacarıqlı, beynəlxalq və ölkə səviyyəli olimpiadaların qalibləri olmuş, orta məktəbi qızıl medal və Fərqlənmə attestatı ilə bitirən abituriyentlər  BANM-i seçir: “ Bizim tələbələr Azərbaycanın intellektual əsgərləridir. BANM yarandığı 10 il ərzində yalnız ən yüksək göstəricilərlə yadda qalıb. Bu il isə ali məktəbimiz Azərbaycan təhsil tarixində rekorda imza atdı. Cənab Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-ü BANM-in tələbəsidir. Tələbələrimiz bu nəticəni əziyyətləri ilə, gecələrini gündüzlərinə qatıb dərs oxumaqla əldə ediblər. BANM-in tələbəsi olmaqla siz artıq həyatınızın ilk uğuruna imza atmısınız. Bu uğur hər zaman sizi müşayiət edəcək. BANM-in tələbələri Azərbaycanda ilk dəfə olaraq ölkəmizi NASA-nın nüfuzlu müsabiqəsində təmsil edəcəklər. Bu uğur bizi sevindirir və qürur verir”.

 

Sonra rektor tələbə adını qazanmış gənclərə tələbə biletlərini təqdim edib.

 

Orientasiya proqramı çərçivəsində sosial şəbəkələrdə aktivlik və BANM haqqında, tədrisin, imtahanların təşkili və keçirilməsi, daxili intizam qaydaları, apelyasiya şikayətlərinin elektron qəbulu üzrə qaydalar, e-poçt ünvanlarından, turniketdən istifadə, biometrik qeydiyyat haqqında təqdimatlar edilib.

 

Tələbələrə, həmçinin kitabxanadan istifadə və davranış qaydaları, əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yaşayış – idman kompleksindən istifadə və davranış qaydaları, idman klublarında iştirak  haqqında ətraflı məlumatlar verilib.

 

Görüş zamanı Kimya mühəndisliyi ixtisasını Fərqlənmə diplomu ilə bitirən və hazırda dünyanın ən məşhur şirkətlərindən olan “McKinsey & Company”də məsul vəzifədə çalışan Leyla Firudinbəyli tələbəlik illərindəki xatirələrini və uğur hekayəsini bölüşüb.

 

Sonda valideyn və tələbələr üçün Kampus turu təşkil edilib.