Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) I kurs tələbələrinə Strasburq Universitetinin tələbə biletlərinin və 2021-ci il məzunlarına həmin universitetin diplomlarının təqdimetmə mərasimi keçirilib.

 

Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın ölkəmizdəki səfiri Zakari Qross, Strasburq Universitetinin UFAZ üzrə elmi eksperti və UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri Filip Turek, həmçinin tələbələr iştirak ediblər.

 

Əvvəlcə Fransanın səfiri Zakari Qross və ADNSU-nun rektoru, professor Mustafa Babanlı UFAZ Tələbə Şurası üçün ayrılmış xüsusi otağın açılışında iştirak ediblər. UFAZ tələbə klublarının nümayəndələri ilə görüşən qonaqlara tələbə klubları və onların fəaliyyəti haqqında məlumat verilib.

 

UFAZ-ın baş katibi Elizaveta Bydanova bu il UFAZ-ın bakalavar pilləsinə 140  tələbənin qəbul olunduğunu deyib. ADNSU ilə Strasburq Universiteti arasında əməkdaşlığın əhəmiyyətindan danışan E.Bydanova UFAZ məzunlarının geniş təcrübə qazandıqlarını diqqətə çatdıraraq onların əmək bazarında geniş imkanlara malik olduqlarını qeyd edib.

 

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor M.Babanlı Müstəqil Azərbaycan gənclərinin, xüsusilə UFAZ məzunlarının, hər bir sahədə Azərbaycana daha yaxşı xidmət etmək üçün çalışmalı olduqlarını və gələcək inkişaf üçün onların üzərinə böyük vəzifə düşdüyünü deyib. UFAZ layihəsinə böyük etimad göstərildiyini diqqətə çatdıran rektor layihənin tərəfdaşlarına təşəkkür edib və məzunlara uğurlar arzulayıb.

 

Fransanın ölkəmizdəki səfiri Zakari Qross UFAZ-ı iki ölkə üçün çox mühüm layihə kimi dəyərləndirib və bu günkü məzunların təkcə UFAZ-ı deyil, Fransa-Azərbaycan tərəfdaşlığını və həmin tərəfdaşlığın nailiyyətlərini təmsil etdiyini deyib.

 

Filipp Turek çıxışında Strasburq Universitetinin tələbə kartlarının üstünlükləri barədə tələbələrə məlumat verib.

 

Sonra qəbul imtahanlarında yüksək nəticə göstərmiş tələbələrə sertifikatlar və tələbə kartları təqdim edilib. Tədbirdə, həmçinin, 2021-ci il UFAZ məzunlarına Strasburq Universitetinin diplomları verilib.