Sumqayıt Dövlət Universitetində "İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Tədbirdə Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini, polis polkovnik leytenantı Anar Əliyev, Sumqayıt şəhər Polis İdarəsinin Yetginlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin rəisi, polis mayoru Azər Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov, “Polisə Dəstək” İctimai Birliyinin sədri, təqaüddə olan polis polkovniki Şəmsəddin Əliyev və universitetin müəllim-tələbə heyəti iştirak ediblər.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov ümumbəşəri problem olan insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışıb. Qeyd edib ki, hər il minlərlə insan, əsasən, qadın və uşaqlar istismar və ya başqa məqsədlərlə insan alverinin qurbanı olurlar.

 

İnsan həyatının xilas olunmasının önəmindən danışan prorektor bu sahədə vətəndaş cəmiyyətini daha fəal olmağa səsləyib.

 

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Anar Əliyev insan alverinə qarşı mübarizəni genişləndirmək məqsədilə DİN-in mütəmadi tədbirlər planı hazırlayaraq həyata keçirdiyini, Azərbaycanın bütün təhsil ocaqlarında, xüsusilə ali məktəblərdə insan alverinə və terrorizmə qarşı mübarizə metodlarının maarifləndirilməsi işinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, hər bir vətəndaş insan alveri ilə mübarizədə hüquq-mühafizə orqanlarının yanında olmalıdır.

 

A.Bağırov insan alverinin doğurduğu fəsadlar, eləcə də ölkəmizdə bu bəlaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə tələbələrə ətraflı məlumat verib.

 

Sosial Xidmətlər Agentliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin psixoloqu Ülvi Zeynalov insan alveri ilə mübarizə sahəsində mövcud vəziyyət, yardım mərkəzinin fəaliyyəti və insan alveri qurbanları ilə aparılan reabilitasiya tədbirləri barədə geniş məlumat verib.

 

“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev insan alverinin sosial hüquqi hadisə kimi ictimai orqanizmin normal inkişafına neqativ təsir etdiyini, insanların sosial davranışlarına, onların iradə azadlığına və psixikasına zərər vurduğunu bildirib,  dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mühüm cəhətləri barədə danışıb.

 

Sonda mövzuya dair videoçarx nümayiş olunub, tədbir iştirakçılarına bukletlər paylanılıb.