Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin foyesində silsilə tədbirlərin davamı olaraq Vətən müharibəsindəki tarixi qələbəmizi  özündə əks etdirən möhtəşəm “Zəfər Günü”  stendinin açılışı olub.

 

Açılışda universitetin rektoru, professor Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, beynəlxalq əlaqələr üzrə prorektor, filologiya fakültəsinin dekanı vəzifəsini icra edən professor Mahirə Hüseynova, Tədris departamentinin müdiri, dosent Sənan Əliyev, habelə müəllim və tələbə heyəti  iştirak edib.

 

Əvvəlcə layihənin rəhbəri professor Mahirə Hüseynova qonaqlara stend haqqında məlumat verib.

 

Stenddə  işğaldan azad edilmiş rayonların tarixi abidələri, işğal və Zəfər günlərini  əks etdirən  tarixlər, işğaldan azad olunan ərazilərin xəritəsi, anım və Zəfər günlərinin, Vətən müharibəsinin  simvolları olan Xarıbülbül və Dəmir yumruq, həmçinin Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdə təsviri öz əksini tapır.

 

Açılışda nitq söyləyən professor C.Cəfərov nümunəvi addıma görə öz təşəkkürünü bildirib, bu tip işlərin Zəfər tariximizin təbliğində daşıdığı önəmi vurğulayıb.