Məktəblərin açılmasına artıq bir aydan da az vaxt qalır. Bu isə valideynlər üçün həyəcanlı və qayğılı bir dönəmin başlanğıcı deməkdir. Bu dövrdə valideynləri ən çox qayğılandıran məsələlərdən biri də övladlarının məktəbə hazırlığı, xüsusilə də məktəb ləvazimatlarının alınmasıdır. Bu ərəfədə valideynlər yeni tədris ili üçün zəruri olan dəftərlər, qələmlər, məktəbli forması, çanta və digər məktəb əşyalarını almaq üçün müxtəlif mağazaları gəzir, ən yaxşı seçimləri və endirimləri axtarırlar.
 

Müşahidələr göstərir ki, valideynlərin əksəriyyəti məktəbli çantasını doldurarkən və ya alarkən övladlarının fiziologiyasını, yaşını və digər vacib amilləri nəzərə almırlar. Bu isə şagirdin sağlamlığına mənfi təsir göstərə, bel və onurğa problemlərinə yol aça bilər. Həddindən artıq ağır və ya düzgün olmayan ölçüdə seçilən çantalar uşaqların rahat hərəkət etməsini çətinləşdirir ki, bu da onlarda yorğunluq və narahatlıq yarada bilər.
 

Digər tərəfdən, gündəlikdə olan dərslərdən əlavə kitabların və ya materialların məktəbli çantasına yığılması da onun ağırlığını artıraraq şagirdlər üçün "ağır yük"ə çevrilməsinə səbəb olur. Nəticədə, bu fiziki diskomfort şagirdin dərsə olan marağını və diqqətini azaldaraq onun həm sağlamlığına, həm də akademik həyatına mənfi təsir göstərir.
 

“Azərbaycan müəllimi” məsələnin aktuallığını nəzərə alaraq qısa araşdırma aparıb.
 

Yüklənmiş məktəbli çantasının kütləsi uşağın çəkisinin 10-15%-dən çox olmamalıdır
 


 

Məktəb çantasının ideal çəkisi bir neçə amildən asılıdır. Bununla yanaşı, ən önəmli amillər isə bunlardır:

1) uşağın çəkisi və fiziki sağlamlığı;
2) çantanın daşındığı məsafə və vaxt;
3) çantanın keyfiyyəti.
 

Məktəb çantasının ideal çəkisi ilə bağlı bel zədələnməsinin hansı səviyyədə baş verə biləcəyini müəyyən edən dərin elmi tədqiqatlar mövcud deyil. Bununla belə, əksər təlimatlar göstərir ki, yüklənmiş bir məktəb çantasının çəkisi uşağın bədən çəkisinin 10-15%-dən çox olmamalıdır. Yəni, əgər övladınızın çəkisi 40 kq-dırsa, onun məktəb çantası 4-6 kq-dan çox olmamalıdır.
 

Əgər uşağınız məktəbə piyada və ya velosipedlə gedirsə, çantanın çəkisini bədən çəkisinin 10%-i civarında olması daha məqsədəuyğundur.
 

Bəzi araşdırmalarda şagirdlərin oxuduğu sinfə uyğun olaraq məktəbli çantalarının müvafiq çəkiləri olduğu bildirilir, hətta bir çox ölkələrdə məktəbli çantaları üçün normalar, təlimatlar da mövcuddur:
 

Siniflər

Məktəbli çantasının maksimum çəkisi

1-ci sinif

2.4 kq

2-ci sinif

2.6 kq

3-cü sinif

3 kq

4-cü sinif

3.4 kq

5-ci sinif

3.8 kq

6-cı sinif

4.1 kq

7-ci sinif

4.5 kq

8-ci sinif

5 kq

9-cu sinif

5.8 kq

10-cu sinif

6.5 kq

11-ci sinif

7.3 kq

Valideynlər, xüsusilə ibtidai sinif şagirdlərinin valideynləri, məktəb çantası seçərkən diqqətli olmalıdırlar. Bu, uşağın fiziki sağlamlığını qorumaq üçün əhəmiyyətlidir.
 

Çantanın boş vəziyyətdəki çəkisi 0.5-1 kq arasında olmalıdır
 

American Academy of Pediatrics-in 2021-ci ildəki məlumatına görə, məktəbli çantası yüngül olmalı və uşağın yükünü minimuma endirməlidir. Yüngül çantalar uşağın bədən duruşuna təsir etmədən, rahatlıqla daşıma təmin edir. Çantanın dizaynı onun istifadəsini asanlaşdırmalı və uşağın ehtiyaclarına uyğun olmalıdır. Çantanın boş vəziyyətdəki çəkisi 0.5-1 kq arasında olmalıdır.
 


Çantanın çəkisi kürəyin hər iki tərəfinə bərabər ölçüdə paylanmalıdır. Bu, uşağın qamətinin düz qalmasına kömək edir. Asimmetrik yük daşıma bel və çiyinlərdə qeyri-bərabər ağırlıq yaranmasına səbəb olur ki, bu sağlamlıqla bağlı bir sıra problərə gətirib çıxara bilər.
 

Çanta çiyinlərə asılarkən onun bağları elə tənzimlənməlidir ki, ağırlıq bərabər paylansın. Belə ki, American Occupational Therapy Association 2020-ci ildə dərc etdiyi “Ergonomics and Backpack Safety” adlı məqaləsində qeyd edir ki, çantanın kəmərləri uşağın çiyinlərinə yaxşıca uyğun gəlməli və onlara əlavə təzyiq yaratmamalıdır. Çantanın bel hissəsi, onurğa sütununu dəstəkləmək üçün düz və uyğun olmalıdır. Düzgün yerləşdirilmiş kəmərlər çantanın yükünü bədənə düzgün şəkildə yayaraq qamət problemlərinin qarşısını alır.
 

Məktəbli çantası uzun müddət çiyinlərdə daşınmamalıdır
 

Yuxarıda qeyd etdiyimiz kimi, məktəb çantası bel və çiyinlərdə narahatlıq yaratmayan çəkidə olmalıdır. Həmçinin çantanı uzun müddət daşımamağa diqqət yetirilməlidir. Bu baxımdan evə yaxın məktəblər daha əlverişlidir.

Nəzərə almaq lazımdır ki, məktəb çantaları getdikcə uşaqlarda onurğa və bel prblemlərinə səbəb olur. Xüsusilə onurğanın inkişafının baş verdiyi 8-18 yaş arasında kürək çantalarının getdikcə daha tez-tez istifadəsi uşaqlarda bel və çiyin ağrılarının artmasına, onurğanın əyilməsinə, hətta ağciyərlərə və tənəffüs yollarına məhdudlaşdırıcı təsirlərə səbəb ola bilər.
 

Məktəb çantasının bel səviyyəsindən 5 santimetr yuxarıda qalmasına diqqət yetirin
 


 

Məktəb çantasının düzgün seçimi və istifadəsi çox önəmlidir. İlk növbədə, mümkün qədər yüngül bel çantalarına üstünlük verilməlidir. Çanta alarkən onun boş çəkisini diqqətlə nəzərə alın; unutmayın ki, əlavə aksesuarlar çantanın ümumi çəkisini artıracaq. Çantanı tənzimləyərkən, onun bel səviyyəsindən 5 santimetr yuxarıda qalmasına diqqət yetirin, çünki aşağı düşən çanta beldə ağırlıq yarada bilər.
 

Çantanı daşıyan zaman hər iki çiyindən asılması vacibdir, tək çiyində daşınması düzgün deyil. Əşyaların çantada bərabər paylandığından əmin olun; daha ağır əşyalar üçün arxa və orta gözləri seçin. Çantanı yerdən qaldırarkən dizlər bükülü şəkildə, çantanı iki əllə tutaraq qaldırmalıdır.
 

Valideyn olaraq həftədə ən azı bir dəfə çantanı tamamilə boşaldıb lazımsız əşyaları çıxarmağınız və övladınıza çantanı necə düzgün daşımalı olduğunu xatırlatmağınız yaxşı olar.
 

Bunlarla yanaşı, övladınız üçün məktəb çantası seçərkən aşağıdakı tövsiyələri nəzərə ala bilərsiniz:
 

Çantanın bir yox, uzunluğunu tənzimləmək mümkün olan iki qulpu olması. Qulplar uşağın qolunu sıxmamalı, onun hərəkət rahatlığını təmin etməlidir;
 

Pambıq materialdan və xüsusi ortopedik qaydalarla hazırlanmış beli əzməyən modellər prioritet olmalıdır. Kitabların künclərinin və ya digər sərt alətlərin uşağın kürəyini əzməməsi üçün arxa “yastığı” olan çantalar daha məqbul sayılır;
 

Dərslik və digər ləvazimatlarla yüklənən çanta aşağı çəkiləcəyi üçün qulplar yumşaq, dolğun və bərabər uzunluqda olmalıdır. Bu, çantanı daşıyarkən çiyin hissəsinin rahatlığını təmin edəcəkdir;
 

Əlavə cib və bölmələrin olması üstünlük sayılır ki, bura da su və qida məhsulları qoymaq mümkündür;
 

Şagirdə məktəb çantasını toplayarkən dərs cədvəlinə əməl etmək və artıq çəkidən qaçmaq gərəkdiyini izah etmək lazımdır. Gigiyena dəsti, salfetlər və dezinfeksiyaedici vasitələr də unudulmamalıdır.

 

Vaqif FƏTULLAYEV