“Qərbi Azərbaycanla bağlı əsl həqiqətlər bir ziyalı, bir elm adamı olaraq hesab edirəm ki, kitablarımızda, əsərlərimizdə də öz əksini tapmalıdır”.
 
Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova söyləyib. 
 
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanışlıqdan sonra  Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı söylədiyi fikirləri, verdiyi tapşırıq və tövsiyələri əzəli torpaqlarımızdan zorla çıxarılmış azərbaycanlıların öz doğma vətəninə qayıtması hüququnun təmin edilməsi yolunda Azərbaycan xalqının ümummilli mübarizəsində dönüş nöqtəsi oldu. Ölkə başçısının insan hüquqları məsələsi və sülhsevər missiya hesab etdiyi Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməsi Qərbi azərbaycanlıları deyil, bütövlükdə Azərbaycan ictimaiyyətini bu amal, istək uğrunda səfərbər etdi: “Cənab Prezident həmin görüşdə çox ətraflı, hərtərəfli olaraq Qərbi Azərbaycanın coğrafiyası, tarixi, folkloru, toponimləri ilə bağlı hər məsələyə ayrı-ayrılıqda toxunaraq bunlarla bağlı dəyərli fikirlər söylədi. "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir"-fikirlərini söyləyən Prezident ziyalılarla görüşündə digər vacib məqamlara da toxundu. Onu da qeyd etdi ki,indi əsas vəzifə əsl həqiqətləri dünya ictimaiyyətinə də çatdırmaqdır: “Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
 
Mahirə Hüseynova cənab Prezidentin dediyi hər bir sözün  önəmli olduğunu  və  hər sözün insanlarda ümid yaratdığını, gələcəyə inamını artırdığını bildirib: “Biz inanırıq ki, öz əzəli torpaqlarımıza qayıdacağıq. Ermənilər tərəfindən adları  təhrif  edilmiş şəhər və kəndlərimizin əsl sahiblərinin öz yurd -yuvalarına  qayıdacağı gün də uzaqda deyil. Və bütün dünyaya sübut edəcəyik ki, Qərbi Azərbaycan  bizim dədə -baba torpaqlarımızdır”.
 
Prorektor deyir ki, bizim böyüməkdə olan gənc nəsil də bu həqiqətləri bilməli, bununla bağlı ətraflı məlumata malik olmalıdır: “Bu baxımdan mən orta ümumtəhsil məktəblərinin IX və X sinif şagirdləri arasında təşkil olunan"Qərbi Azərbaycana qayıdış" olimpiadasını yüksək qiymətləndirirəm.Sevindirici haldır ki, şagirdlərimiz bu olimpiadaya böyük həvəslə qatılıblar. Onların Qərbi Azərbaycana olan sevgisini görürəm. Bu bizim Aərbaycan gəncliyinin necə vətənpərvər, torpağına bağlı olduğunu göstərir. Mən əminəm ki, bu şagirdlərin arasından gələcəkdə gözəl tarixçilər, alimlər yetişəcək. Finala vəsiqə qazanan  hər bir şagirdə uğurlar arzulayıram”.
 
 
Samirə KƏRİMOVA