Dil insan fəaliyyətində o qədər vacib sahədir ki, onsuz insanın ictimai, sosioloji varlıq kimi mövcudluğunu təsəvvür etmək mümkün deyil. Dilsiz insan cəmiyyətdə ictimai varlıq olmaqdan uzaqlaşaraq sadəcə bioloji varlığa çevrilir. Dil bir çox funksiyanı yerinə yetirir. Bunlardan ən önəmlisi isə onun ünsiyyət vasitəsi olması və insanlar arasında qarşılıqlı əlaqələrin yaranmasına kömək etməsidir.

 

Müasir dövrün ən əsas tələblərindən biri də ana dili ilə kifayətlənməyərək yeni bir dilin öyrənilməsidir. Lakin bir çoxları ikinci dil öyrənmə prosesi zamanı bir sıra çətinliklərlə üzləşirlər. Bunun səbəbi isə əvvəl yaranmış vərdişlərin yenilərinin yaranmasına mənfi təsir göstərməsi, onu ləngitməsidir. Bu hadisə interferensiya adlanır. Azyaşlı uşaqlara dili öyrətmək asan başa gəlməsinə baxmayaraq, gənclik yaş dövründə, əsasən, tələbələr ilk dəfə ingilis dili öyrənərkən bu dilin tələffüzündə müəyyən çətinliklərlə qarşılaşırlar. Aparılan tədqiqatlar zamanı məlum olmuşdur ki, ana dili həmişə ikinci dili mənimsəmək üçün vacib rol oynayır. Məhz bu səbəbdən, tanış olmayan səslərin öyrənilməsi bir çoxları üçün çətinliklər yaradır, lakin qeyd etmək lazımdır ki, burada yaş amili də özünü göstərir.

 

Xarici dilin tədrisi və mənimsənilməsinə erkən yaşdan başlamaq olduqca zəruridir. Tədqiqatlar göstərir ki, xarici dilin tədrisi gənc yaşda uşağın idrak inkişafına müsbət təsir edərək onun inkişafını sürətləndirir. Uşaqların ikinci dili böyüklərdən daha asan, tez öyrənməsi və intuitiv dil bacarığına sahib olması danılmaz bir faktdır. Bu məsələ ilə bağlı uşaqlar üzərində aparılmış araşdırmalara görə, Amerikaya başqa ölkələrdən daimi yaşamaq üçün gələn 1-6 yaş arasındakı uşaqların 68%-i bu dildə problem yaşamadan danışır, 10-13 yaş qrupuna daxil olan uşaqların isə 7%-nin problemsiz danışdığı məlum olmuşdur. Bu səbəbdən xarici dil təhsili erkən yaşlarda başlamalıdır.

 

Məsələ ilə bağlı bəzi tədqiqatçıların fikirləri ilə tanış olaq:

 

Məşhur psixoloqlardan olan G.T.Kumkale bildirmişdir ki, uşaqlar xarici dili böyüklərdən daha tez öyrənirlər və bu elmi-praktik olaraq sübut edilib. 5 yaşına çatdıqda artıq uşaqlar dilləri qrammatik qaydalara uyğun istifadə etmək bacarıqlarına müvəffəqiyyətlə yiyələnmiş olurlar. Bu müddət uşaqların xarici dil öyrənməyə başlamaları üçün ən uyğun dövrdür. Başqa sözlə, uşağa şifahi xarici dil təhsili 4 yaşından verilməlidir. Çünki uşağın beyni bu yaşlarda daha çevikdir, yeniliyə açıqdır, fərqli dil sistemlərini öyrənmək və qəbul etmək üçün uyğundur.

 

Amerikalı linqvist Kraşenə görə isə uşaqlarda dilin inkişafı 2 yaşından başlayır və bu inkişaf mərhələsi yeniyetmə yaşa qədər davam edir. Dil vasitəsilə yaranan qarşılıqlı əlaqə idrak inkişafının əsasını təşkil edir. Bununla birlikdə, dil öyrənmə müddətində uşaqların bu kritik dövrlərində məktəb, ailə və ətraf mühit arasında düzgün əməkdaşlıq mövcud deyilsə, dilin tədrisində böyük problemlər yarana bilər.

 

Erkən yaşlı uşaqlarda tədrisin keyfiyyətinin artırılması və daha yaxşı mənimsənilməsi üçün bir sıra metodlardan istifadə edilir. Onlardan ən effektivi oyun əsaslı dərslərin keçirilməsidir. Bu zaman onlarda ünsiyyət, sosial qarşılıqlı əlaqə və yaradıcılığın inkişafı kimi müsbət keyfiyyətlər formalaşır. Bu tip təhsil uşağın gələcək akademik inkişafının təməlinin qoyulmasında böyük rol oynayır. Eyni zamanda kiçik uşaqlara məktəbdə və sonrakı həyatda uğur qazanmağa kömək edəcək lazımi bacarıqlar, biliklər və təcrübələr təqdim edir.

 

Effektiv ikili ünsiyyət erkən uşaqlıq təhsilinin açarıdır. Şagirdlər və onların ailələri ilə möhkəm münasibət qurmaq vacibdir, çünki bu, uşaqların özlərini təhlükəsiz hiss etdiyi, dəstəklənən və öyrənməyə həvəsləndirildiyi bir mühit yaradır. İkitərəfli ünsiyyət yalnız uşaqları dinləmək deyil, həm də onları öz fikir və ideyalarını ifadə etməyə həvəsləndirməkdən ibarətdir. Bu, açıq suallar, qrup müzakirələri və yaradıcı fəaliyyətlər vasitəsilə həyata keçirilə bilər.

 

Uşaqlarla tədris zamanı elə metodlardan istifadə etmək lazımdır ki, hər bir öyrənənin fərdi xüsusiyyətləri nəzərə alınsın. Yəni hər hansısa mövzunun tədrisi zamanı həm vizual, həm eşitmə, həm də toxunma materiallarından və fəaliyyətlərdən istifadə etmək lazımdır. Çünki müxtəlif öyrənənlərin qavrama formaları da müxtəlif və fərdidir.

 

Qeyd etdiyimiz kimi, azyaşlı uşaqlar üçün ən effektiv öyrənmə şəkli oyunlardan istifadə edilməsidir. Oyunlar öyrənmə prosesini həm əyləncəli hala gətirir, həm də tədris materialını daha anlaşıqlı edir. Eyni zamanda onlar şagirdləri həvəsləndirmək üçün çox təsirli üsuldur. Oyunlar uşaqları mükafat sistemləri və rəqabət elementləri ilə həvəsləndirərək öyrənməni daha maraqlı və əyləncəli edir. Digər tərəfdən isə oyunlar uşaqlarda uzunmüddətli yaddaşı inkişaf etdirir, onlar mövzuları mexaniki şəkildə əzbərləməkdən uzaqlaşırlar. Oyunlar, həmçinin şagirdlərə yaradıcı təfəkkür bacarıqları qazandırır. Bu isə uşaqlara problemləri müxtəlif perspektivlərdən həll etmək üçün yeni və müxtəlif həll yolları tapmaq imkanı təqdim edir.

 

Pedaqoji ədəbiyyatda kiçik yaş dövrü üçün oyunlar yaradıcı və qaydalı olmaqla iki qrupa bölünür:

 

Yaradıcı oyunları adətən, uşaqlar öz təfəkkürləri nəticəsində düşünərək həyata keçirir. Yəni real həyat hadisələri, müşahidələr oyunun bir hissəsi olaraq çıxış edir. Müəllim və ya tərbiyəçi belə oyunlarda öyrənənlərə müvafiq rol verməklə onların müxtəlif obrazları təqlid etmələrinə şərait yaradır. Buna görə onlara təqlidi oyunlar da deyilir.

Qaydalı oyunlar isə müəllim tərəfindən keçirilir. Oyunun məzmununun və qaydalarının mürəkkəbliyindən asılı olaraq, yaşa uyğunluq prinsipi əsasında qaydalı oyunlar qruplaşdırılır. Xalq oyunları da bu qəbildəndir.

 

Beləliklə, oyunun təhsildə böyük yeri və əhəmiyyəti var. Oyunlar öyrənənləri daha fəal, motivasiyalı və məlumatları daha yaxşı başa düşən fərdlər kimi yetişməsinə kömək edir. Beləcə, müəllimlər və valideynlər oyunları öyrənmə prosesinə daxil etməklə şagirdlərin daha yaxşı müvəffəqiyyət qazanmasını təmin edə bilərlər. Təhsildə oyunlar gələcəyin təhsil üsullarından biri kimi mühüm rol oynamağa davam edəcək.

 

 

Aytəkin ƏLİMOVA,

ingilis dili müəllimi