Müəllimlərin fəaliyyəti və məktəb-valideyn əməkdaşlığı bu problemin həllində
mühüm amillərdəndir


Biz öz milli kökünə bağlı, milli adətləri yaşadan, öz həyatımızda onları əsas götürən bir xalqıq. Xalqımızın gözəl adətləri çoxdur və bunlardan biri də müqəddəs dəyərlərə bağlı olan toy adətidir. O adət ki, onunla yeni bir ailənin təməli qoyulur. Təəssüflər olsun ki, bəzi toy məclisləri heç də gözəl bir ailənin təməlini qoymaq məqsədilə yox, müxtəlif maraqlar üçün qurulur. Əsasən də müxtəlif səbəblərdən qız uşaqlarının uşaqlıq həyatından alınaraq erkən nikaha cəlb edilməsi hal-hazırkı dövrümüzün  aktual problemidir. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Bu cür tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır bioloji və psixoloji travma almalarına səbəb olur. Həmçinin erkən nikah qadının təhsil almasını məhdudlaşdırır.

 

Erkən nikah yaşı 18-dən az olan yeniyetmələrin nikaha daxil olmasıdır. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Beynəlxalq standartlara görə, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Azərbaycan qanunvericiliyinə görə, yalnız rəsmi şəkildə bağlanmış nikahlar qanuni sayılır. Rəsmi nikahın bağlanması üçün iki əsas şərt vardır:nikah könüllü və nikah tərəflərinin yaşı qanunvericilikdə icazə verilimiş həddə olmalıdır. Azərbaycan Respublikasında nikah bağlamaq üçün aşağı yaş həddi kişilər və qadınlar üçün 18 yaş müəyyən edilib.

 

Lakin buna baxmayaraq, hələ də problemin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında düzgün bilik və təşkilatçılıq dayanır. Bu prosesdə diqqəti müəllim-pedaqoqların fəaliyyətinə, həmçinin məktəb-valideyn işbirliyinin  də mühim amillərdən biri olduğuna yönəltmək istərdim. Erkən nikahın qız uşaqlarının sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün ilk növbədə onun anatomik, fizioloji  və psixoloji xüsusiyyətlərini bilmək lazımdır. N.K.Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir:insan orqanizminin anatomik quruluşunu, funksiyalarını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün böyüdüb tərbiyə edə bilməz”. Bütün bu xüsusiyyətləri bilən hər bir pedaqoq erkən nikahla mübarizədə savadlı şəkildə iştirak edər, nəinki uşaqların maariflənməsində, həmçinin bu məqsədlə təşkil olunan tədbirlərə valideynləri də cəlb etməklə  bu biliklərdən düzgün yararlanar. O, maarifləndirmə işində vacib məlumatları ötürməli, dəlillərlə fikrini əsaslandırmağı bacarmalıdır. İlk növbədə erkən nikahın fəsadlarının nələr olduğunu bilməli və anlaşılan formada izah etməlidir. Bəs bu fəsadlar nələrdir? Uşaqlıq və yeniyetməlik dövründə ailə quran qadının orqanizmi tam formalaşmadığı halda hamilə olması onun səhhətində müxtəlif problemlərin yaranmasına səbəb olur. Doğuş zamanı həm qadının, həm də uşağın ölüm ehtimalı yüksək olur. Bunun əsas səbəbi qadının fizioloji cəhətdən yetişməməsidir. Həmçinin doğuşdan sonrakı müxtəlif xəstəliklərin inkişaf riski artmış olur. Aparılan tədqiqatlara görə, 18 yaşdan kiçik anaların 35-55%-i yarımçıq uşaqlar və ya kifayət qədər çəkisi olmayan uşaqlar dünyaya gətirmə riski 19 yaşlı gənc analara nisbətən daha yüksəkdir. Uşaq ölümləri isə 60% yüksəkdir. Demək, erkən nikah təkcə ananın deyil, uşağın da sağlamlığını təhlükə altına alır. Uşaq yaşlarında yeni bir ailəyə, evə köçən qız yeni həyata psixoloji cəhətdən də hazır olmadığı üçün onda psixoloji problemlər yaranır. Bütün bu problemlər ciddi psixoloji hallara, ağır depressiya və hətta intihar cəhdinə gətirib çıxara bilər. Bu məlumatları almış valideyn göz görə-görə övladının, səbəb  hər nə olursa-olsun bu cür əzab-əziyyətlərə qatlanmasına razı olmaz. Qızlar isə həm özlərinin, həm də dünyaya gətirəcəkləri uşaqların sağlamlığını hər şeydən üstün tutacaqlar. Nəinki qızlar, azyaşlı oğlanlar da erkən nigahın yaradacağı problemləri bildikdən sonra düşüncəli şəkildə bu addımı atmaqdan çəkinəcəklər. Sağlam təməllər üzərində qurulan hər bir ailə dövlətin və millətin böyük sərvətidir. Bu sərvətin artırılması və qorunub saxlanılması yolunda cəmiyyətin hər bir üzvü aktiv şəkildə iştirak etməlidir.

 

Əsmər ƏHMƏDOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin biologiya müəllimi

 



Bölmənin digər xəbərləri