İxtisaslar üzrə təhsil haqları qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb


UNEC-in Zaqatala filialı 2018/2019-cu tədris ilinə yeniliklərlə start verəcək.

 

Filiala yeni tədris ilindən I və II ixtisas qrupu üzrə tələbə qəbulu həyata keçiriləcək. I ixtisas qrupunu seçən abituriyentlər “İnformasiya texnologiyaları” ixtisası üzrə əyani təhsil ala biləcəklər. II qrupda isə ixtisasların sayı artırılıb. II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Maliyyə”, “Mühasibat uçotu və audit”, “Biznesin idarə edilməsi”, “Turizm və otelçilik”lə yanaşı, “Menecment”, “Marketinq” ixtisasları da tədris olunacaq.

 

Tələbə və valideynləri sevindirəcək daha bir yenilik isə Zaqatala filialında təhsil haqları ilə bağlıdır. Belə ki, filialda ixtisaslar üzrə təhsil haqları  qiyabi və əyani təhsildə əhəmiyyətli dərəcədə azaldılıb. Filiala qiyabi qəbul planında və keçid ballarında da dəyişikliklər olunub,  keçid balları azaldılıb.

 

Yeni dərs ilindən Zaqatala filialında tədrisin keyfiyyətinin artırılması məqsədilə “Elektron universitet” modeli tətbiq olunacaq. Biliyin qiymətləndirilməsində şəffaflıq və operativliyin təmin olunması üçün isə imtahanlar elektron qaydada mərkəzləşdirilmiş test üsulu ilə aparılacaq. Filialda tələbələrin stimullaşdırılması, sağlam rəqabət mühitinin yaradılması məqsədilə, ötən tədris ilində olduğu kimi, bu il də imtahanlarda ən yüksək nəticə göstərən tələbə təhsilini bir semestrlik Bakıda davam etdirə biləcək. Eyni zamanda imtahanlarda ən yüksək nəticə göstərən 3 tələbəyə 100 AZN məbləğində xüsusi təqaüd veriləcək