Ağdam rayonu erməni işğalından ötən ilin 20 noyabrında azad olundu. Düz bir il öncə. Həm də döyüşsüz; qan tökülmədən. Bu, Vətən müharibəsinin zirvəsi olan Şuşa əməliyyatının uğurla sona çatmasının, 8 noyabr Zəfərinin nəticəsində baş verdi. Üçtərəfli 10 noyabr Bəyanatının imzalanması ilə müharibə sona çatdı, məğlub Ermənistan işğalda qalan digər rayonlardan çıxmaq öhdəliyi götürdü. Ağdam 20 noyabrda əsl sahibinə geri verildi.

 

Amma gəlin görək, düşmənin 27 il caynağında saxladığı torpağımızı biz hansı şəkildə geri aldıq?

 

Təəssüf ki, xaraba qoyulmuş şəkildə: bomboş düzəngah, şəhər əlamətini itirmiş bir formada. Yaponiyanın II Dünya müharibəsində viran qalmış Xirosiması kimi. Fərq bu idi ki, uzaq Şərq ölkəsinin bu şəhərini atom silahının gücü yerlə-yeksan etmişdisə, Ağdamın miskin mənzərəsində günahkar əsla silahlar deyildi; erməni vandalizmi, erməni vəhşiliyi idi. Evlər daşlarına qədər sökülüb daşınmış, satılmış, ağaclar kəsilmiş, təbiət yoxa çıxarılmış, şəhərdə həyat əlaməti saxlanılmamışdı. Üstəlik, ən çox minalanmış ərazi kimi geri verilmişdi. Ağdamın hekayəsi, doğrudan da ağır, kədərlidir və düşmənin cinayətlərinin izlərini özündə aydın göstərərək təkzibolunmaz isbatlara çevirib.

 

Halbuki Ağdam belə bir şəhər deyildi. Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşən bu şəhər qədimliyi, füsunkar təbiəti, gözəl evləri olan bir şəhər idi. Erməni hücumları başlayana qədər.

 

42 gün döyüş getdi onun uğrunda. 1993-cü il 23 iyul tarixində rayonun 73 faizinin işğalı ilə bitdi həmin qanlı döyüşlər.Rayon mərkəzi ilə birgə 90 kənd işğal altına düşdü. 128 min insan məcburi köçkün həyatını yaşamağa məcbur oldu, əhali Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsinə səpələndi. Rayonun 38 kolxozu, 12 sənaye obyekti, 74 məktəbi, 271 mədəniyyət evi, bütün dünyada yeganə olan Çörək muzeyi, 67 idarə və 99 klubu düşmən əlinə keçdi. Daha ağır olan nəticə: 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı.

 

Rəsmi İrəvan burada dəhşətli cinayətlər törətdi. Bu, azmış kimi coğrafi adları dəyişdirdi. Oradakı mülkiyyətin talan edilməsi və ərazilərin yandırılması kimi qeyri-qanuni əməllər törətdi. Dünyanın da gözü yumuldu. Görmədi! Dillənmədi! Nəticədə erməni vəhşiliyi əndazəsindən çıxaraq Ağdamı xaraba mənzərəyə məhkum etdi. Bu isə təzavüzkarın kimliyinin sübutu idi. Ağdam erməni torpağı olmuş olsaydı, dağıdılmaz, əksinə, tikilər, qorunub saxlanılardı; orada erməni əhalisinin məskunlaşması baş verərdi. Demək ki, torpağın əsl sahiblərinin bir gün geri gələcəyini bilirdilər. Ona görə taladılar, o səbəbdən sayı-hesabı bilinməyən minalar basdırdılar.

 

Bəllidir ki, BMT-nin Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi Ağdama aid idi. 1993-cü il 29 iyul tarixində qəbul olunmuşdu. Həmin qətnamə tələb edirdi ki, işğalçı qüvvələr Ağdam rayonundan və işğal edilmiş digər rayonlardan dərhal, tam və qeyd-şərtsiz çıxarılsın. ATƏT-in Minsk qrupunun 9 ölkəsi adından hücum qətiyyətlə pislənmiş, qoşunların çıxarılmasına çağırış edilmişdi. Lakin nə fayda?! 27 il kağız parçasına çevrilən, təsirsiz, mənasız qətnamələr! Buna başqa cür ad vermək mümkün deyil.

 

Azərbaycan xalqı Ağdamın taleyini özü həll etdi. Vətən müharibəsində qazanılmış qələbə nəticəsində imzalanan üçtərəfli Bəyanat Ağdamın qapılarını açdı. Heç bir şəhid vermədən. Ona görə də Ağdam, həm də siyasi müstəvidə qazanılan qələbənin nəticəsi kimi qiymətləndirilir.

 

Qafqazda ilk şəhər tipli yaşayış məskəni və Zaqafqaziyada ən zəngin abidələri olan yerlərdən biri idi Ağdam. Burada tarix də qədim, mədəniyyət də qədim... Amma o tarix, o mədəniyyət o torpağın üzərində izlərini saxlamır artıq. Düşmən tarixin izini yox edibsə, ərazinin arxeoloji əhəmiyyətini də heçə endiribsə, bizə vurulan zərbənin miqyasını necə bağışlamaq olar?!

 

...Keçən bir ildə Ağdamın acınacaqlı, miskin görünüşünü dəyişəcək addımlar atıldı. Minaların təmizlənməsinə paralel, oraya ağır texnika daşındı. 2021-ci il 28 may tarixində Ağdamın Baş Planı Azərbaycan ictimaiyyətinə təqdim olundu. Dövlət başçısı İlham Əliyev 125 hektarlıq Ağdam şəhər meşə-parkında ağacların əkilməsi, Bərdə-Ağdam avtomobil yolunun, Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının, Ağdam Sənaye Parkının, Zəfər muzeyi və açıq hava altında İşğal muzeyinin, 140 illik tarixi olan Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlqoyma mərasimində iştirak etdi və Ağdam şəhərinin bərpasının təməl daşını qoydu. Ağdam xarabalığını yox etmək, yerində gözəl bir yurd salmaq üçün!

 

Demək ki, Ağdamın işıqlı, əzəmətli siması ilə tanışlıq uzaqda deyil...

 

Vəfa ALLAHVERDİYEVA