Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 10 illiyinə həsr edilmiş II, III, IV və V kurs tələbələri arasında Spartakiadanın açılışı olub.

 

Tədbirdə BANM-in rektoru Elmar Qasımov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev, ali məktəbin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.

 

Rektor Elmar Qasımov Bakı Ali Neft Məktəbinin 10 ildir uğurla fəaliyyət göstərdiyini, ən bilikli və bacarıqlı gənclərin bu təhsil ocağını seçdiklərini bildirib.  Vurğulayıb ki, ali məktəbin tələbələri yüksəkixtisaslı mühəndis kimi yetişərək ölkə iqtisadiyyatına, sənayesinə töhfələr verirlər.

 

Ali təhsil müəssisəsində idmanın inkişafına böyük əhəmiyyət verildiyini qeyd edən E.Qasımovun sözlərinə görə,  2014-cü ildən BANM-də İdman Klubları fəaliyyət göstərməyə başlayıb:”Sevindirici haldır ki, yarandığı gündən böyük maraqla qarşılanaraq tələbələrin ən sevimli klubları arasında yer alıb”.

Rektor bu gün başlayan və bir neçə ay davam edəcək Spartakiadada komandalar arasında maraqlı mübarizə aparılacağına inandığını əlavə edib.

 

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkədə idmanın inkişafından, bu sahəyə dövlətin qayğısından bəhs edərək gənclərin idmana marağının artırılmasının vacibliyini vurğulayıb. Nazir müavini Bakı Ali Neft Məktəbinin təhsildə olduğu kimi idman sahəsində də nümunəvi ali məktəb olduğunu qeyd edib.

 

Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev Azərbaycanda təhsilin inkişafından, Prezidentin bu sahəyə diqqət və qayğısından danışıb.

 

Qeyd edək ki, Spartakiadada idmanın basketbol, voleybol, şahmat, stolüstü tennis, mini futbol və üzgüçülük növləri üzrə yarışlar keçiriləcək. Voleybol yarışlarında 17 komanda (qızlar arasında 5, oğlanlar arasında 12 komanda), futzal yarışlarında 17 komanda, basketbol yarışlarında 10 komanda iştirak edir. Bundan başqa, fərdi idman növlərindən şahmatda 60 nəfər, stolüstü tennisdə 65, üzgüçülükdə 30 tələbə yarışacaq.