Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun əməkdaşları, coğrafiya üzrə fəlsəfə doktorları - aparıcı elmi işçi, dosent Elina Kərimova, şöbə müdiri, dosent Zaur İmrani, böyük elmi işçi Natəvan Cəfərova, elmi işçilər Bəyimxanım Hüseynova, Elnarə İsmayılova və doktorant Gülər Hidayətli Gürcüstanın Tbilisi şəhərində “Gürcüstan və Azərbaycan - Cənubi Qafqazda ekoloji sülhün qurulması üzrə geoloji tədqiqatlarda potensialın gücləndirilməsi”  (Capacity Building in Geoscientific Research on Environmental Peacebuilding in the Southern Caucasus - Georgia and Azerbaijan)  mövzusunda hibrid (həm əyani, həm də onlayn formatda) beynəlxalq konfransda iştirak ediblər.

 

Konfrans Almaniyanın Yustus Libix adına Qissen Universitetinin Coğrafiya şöbəsi, İ. Cavaxişvili adına Tbilisi Dövlət Universiteti nəzdində V. Baqrationi adına Coğrafiya İnstitutu və AMEA Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.

 

Konfransın işi münaqişəli münasibətdə olan ölkələr arasında əməkdaşlığı, eləcə də ətraf mühitin mühafizəsini dəstəkləyən və tədqiq edən “Ətraf mühitin mühafizəsi üzrə sülh quruluşu” adlanan coğrafi istiqamət əsasında təşkil edilib.

 

İnstitut əməkdaşlarından N.Cəfərova “Transsərhəd ərazilərdə təbii ehtiyatların idarə edilməsi problemləri”, B.Hüseynova “Qarabağ bölgəsində çay ehtiyatlarının ekoloji vəziyyətindəki dəyişikliklər”, G.Hidayətli “Samur çayının ekoloji vəziyyəti və onun rayonun sosial-iqtisadi inkişafına təsiri”, E.İsmayılova “Göygöl Milli Parkının ekoturizm potensialı” mövzularında məruzə ilə çıxış ediblər.

 

Konfransda fəallıq göstərən bütün əməkdaşlar iştirakçıların verdiyi sualları  cavablandırıblar.