Naxçıvan Müəllimlər İnstitutunda istedadlı şagirdlərin rəsm əsərlərindən ibarət sərgi keçirilib.

 

İnstitutun və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirililən sərgidə ümumtəhsil məktəblərində təhsil alan, təsviri incəsənət sahəsində 120-dən artıq istedadlı şagirdin rəsm əsərləri və əl işləri nümayiş olunub.

 

Təhsil ocağının rektoru Azad Novruzov bildirib ki, Naxçıvan Müəllimlər İnstitutunda digər ixtisaslarla yanaşı,  Təsviri incəsənət müəllimliyi ixtisası üzrə də kadr hazırlığı aparılır. Kadrların hazırlanmasında bir ixtisaslaşmış İncəsənət kafedrası fəaliyyət göstərir ki, bu kafedrada təsviri incəsənətin müxtəlif sahələri üzrə ixtisaslaşmış professor-müəllim heyəti tədris işini həyata keçirir:” Dövlətimizin qayğısı və diqqəti sayəsində institutda ixtisas hazırlığını günün tələbləri səviyyəsində qurmaq üçün təkmilləşdirilmiş maddi texniki baza və bu baza əsasında tədris şəraiti mövcuddur. Bu gün ümumtəhsil məktəbləri şagirdlərinin rəsm əsərləri və əl işlərindən ibarət sərginin təşkil olunması istedadlı şagirdlərin üzə çıxarılması istiqamətində görülmüş işlərdən biridir. İnanıram ki, bu tip tədbirlərin reallaşdırılması sərgidə iştirak etməyən şagirdlər üçün də stimul olacaqdır”.

 

Rektor  rəsm çəkməyin şagirdlər üçün əhəmiyyətinə toxunaraq qeyd edib ki, insan rəsm çəkərkən onun  intuitiv və yaradıcılıq təfəkkürü inkişaf edir:” Gələcəkdə hansı peşənin sahibi olmasından asılı olmayaraq istedadlı insanlar öz yaradıcılıq potensialından hər zaman istifadə etməlidir”.

 

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Heyran Əhmədova ölkəmizdə, o cümlədən muxtar respublikada təhsilə olan diqqət və qayğıdan danışıb. Qeyd edib ki, ümumtəhsil məktəblərində istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir:” Bu gün Naxçıvan Müəllimlər İnstitutunda keçirilən sərgi də şagirdlərdə öz yaradıcı imkanlarına marağın artmasına və yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə stimul verəcəkdir”.    

 

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayevin və institutun İncəsənət kafedrasının müdiri Həbibə Allahverdiyevanın sərgi ilə bağlı çıxışları dinlənilib, iştirakçı şagirdlərə diplomlar təqdim edilib, şagirdlərin institut korpusu və burada tədris imkanları ilə tanışlığı təşkil olunub.