Mingəçevir Dövlət Universiteti (MDU) və “Azərbaycan İES” MMC arasında əməkdaşlıq çərçivəsində universitetin mühəndislik fakültəsinin tələbələri üçün nəzərdə tutulan təlim-təcrübə proqramına start verilib.

 

Universitetdən bildirilib ki, seçim mərhələsindən uğurla keçərək proqramda iştirak hüququ qazanmış 16 tələbə “Azərbaycan İES” də təlimlərə qatılıblar.

 

Proqrama uyğun olaraq, tələbələr “Azərbaycan İES” MMC-nin Tədris Mərkəzinin müasir texnologiyalar ilə təchiz olunmuş tədris auditoriyalarında təlimlərdə iştirak edəcək, istehsalatla yaxından tanış olacaq, səriştəli kadrların bilik və təcrübələrindən faydalanmaq imkanı əldə edəcəklər.

 

Bildirilib ki, sözügedən təlim-təcrübə proqramı bitdikdən sonra MDU-nun təcrübəli akademik heyət üzvləri tərəfindən İES-in gənc əməkdaşları üçün müvafiq təlimlər keçiriləcək.

 

Noyabrın 22-dən başlayan təlim-təcrübə proqramı dekabrın 6-dək davam edəcək.