“Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində müsabiqənin idarəçi rəhbərləri və qalibləri arasında görüşlər davam edir. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri olan Orxan Zakirovla görüşüb.

 

M.Abbaszadə intellektual və idarəçilik bacarıqları yüksək olan şəxslərin müəyyən edilməsində, eləcə də ölkəmizdə kadr ehtiyatı bankının formalaşmasında “Yüksəliş” müsabiqəsinin yaratdığı imkanları qeyd edib.

 

Sədr fərdi inkişaf proqramı çərçivəsində O.Zakirovla əməkdaşlıq edəcəyini, onunla öz təcrübə və biliklərini bölüşəcəyini, gələcək idarəçi rəhbər kimi potensialının daha da inkişaf etdirilməsi üçün köməklik göstərəcəyini bildirib.

 

O.Zakirov müsabiqənin bu mərhələsində təcrübə qazanmaq imkanı və qarşılıqlı əməkdaşlığın onun karyerasının inkişafı üçün faydalı olacağından əminliyini ifadə edib.

 

Qeyd edək ki, “Yüksəliş”in şərtlərinə əsasən, qalib bir il müddətində müsabiqənin idarəçi rəhbəri ilə mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

 

“Yüksəliş” müsabiqəsi 21-51 yaş aralığında, 2 illik idarəçilik təcrübəsi olan, ali təhsilli Azərbaycan Respublikasının vətəndaşlarını əhatə edir. Müsabiqə 5 mərhələdən - qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqədə ümumilikdə 11 min 760 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 775 nəfəri müsabiqəyə qəbul edilib.