Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) növbəti iclası keçirilib.

 

Universitetin tərbiyə işləri üzrə prorektoru, dosent Bayram Hüseynzadə  Prezident İlham Əliyevin gənclər siyasətindən, dövlətin gənclərə göstərdiyi xüsusi qayğıdan bəhs edib. Prorektor 44 günlük Vətən müharibəsinin müstəqillik dönəmində güclü vətənpərvərlik hissinə malik, milli ruhda tərbiyə almış gənc nəslin formalaşdığını sübuta yetirdiyini xüsusi vurğulayıb.

 

Sonra universitetdə fəaliyyət göstərən tələbə təşkilatlarının fəaliyyətindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən və onların uğurları barədə danışan prorektor THİK-in gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini verib.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müavini Mirzə Cəfərzadə tədbirin əlamətdar dövrə təsadüf etdiyini söyləyib, bu yaxınlarda Zəfər bayramının birinci ildönümünün təntənəli şəkildə qeyd olunduğunu deyib. O, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbəyə toxunub və  Zəfərə aparan yolda gənclyin rolunu qeyd edib.

 

M.Cəfərzadə THİK haqqında məlumat verərək təşkilatın tələbələrin hüquqlarını qorumaqla yanaşı, onların sosial-ictimai həyatının təşkilində də mühüm rol oynadığını vurğulayıb.

 

Sonra səsvermə yolu ilə THİK-in 15 nəfərdən ibarət yeni tərkibi, eyni zamanda təlimata uyğun olaraq 7 nəfərdən ibarət Rəyasət Heyəti, 5 nəfərdən ibarət Təftiş Komissiyasınn üzvləri təsdiq olunub.

 

THİK-in sədri vəzifəsinə səs çoxluğu ilə universitetin pedaqoji fakültəsinin III kurs tələbəsi Rayaxanım Ağazadə seçilib.