Minskdə Belarusun Milli Kitabxanasında böyük Azərbaycan şairi, poeziya klassiki Nizami Gəncəvinin  anadan olmasının 880 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

 

Belarus Milli Kitabxanasının baş direktoru Oksana Knijnikova Belarus-Azərbaycan münasibətlərinin iki xalqın dostluğu, qarşılıqlı anlaşma və etimad ənənələri üzərində qurulduğunu bildirib, iki ölkənin kitabxanaları arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

 

Azərbaycanın Belarusdakı  səfiri Ülvi Baxşəliyev 2021-ci ilin Azərbaycanda "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdırıb. O, XII əsrdə Azərbaycanın ən böyük mədəniyyət mərkəzlərindən biri olan Gəncə şəhərində yaşayıb yaratmış, dünya ədəbiyyatının görkəmli nümayəndəsi N.Gəncəvinin 880 illik yubileyi çərçivəsində Azərbaycanda və xaricdə müxtəlif görüşlərin, konfransların, tədbirlərin keçirildiyini bildirib.

 

Səfir, həmçinin qeyd edib ki, yaxın zamanda Minskdə Belarus və Azərbaycanın dostluğunda simvolik əhəmiyyətə malik olacaq Nizami Gəncəvi abidəsinin ucaldılması da planlaşdırılır.

 

Milli Məclisin deputatı, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov görkəmli şairin həyat və yaradıcılığına dair maraqlı faktlardan bəhs edib.

 

Qeyd edib ki, Sovet İttifaqında 1941-ci ildə Nizaminin 800 illiyinin geniş şəkildə qeyd edilməsi üçün hazırlıqlar görülsə də, Böyük Vətən Müharibəsinin başlaması genişmiqyaslı yubileyin keçirilməsinə mane oldu:”Buna baxmayaraq, dahi şairin yubileyi Leninqradda, Ermitajda, şəhər blokadasının 42-ci günündə qeyd olundu. Bu, əlbəttə, Azərbaycan şairinə göstərilən ən böyük hörmətin ifadəsi idi”.

 

“Nizami Azərbaycan şairidir, o, bütün həyatını doğma kəndində keçirsə də, dünyamiqyaslı şair kimi tanınmağa nail oldu. Nizami savadsızlığın hökm sürdüyü XII əsrdə yazıb-yaradırdı, bununla belə o, farsdilli ədəbiyyatın və poeziyanın inkişafına böyük təkan verdi”, - deyə R.Huseynov vurğulayıb. Əlavə edib ki, doqquz yüzillik sonra belə Nizami yaradıcılığı əvvəlki kimi öz aktuallığını qoruyub saxlayıb.

 

Qeyd edək ki, tədbirdə Azərbaycan rejissoru Eldar Quliyevin "Nizami" (1982) filmi nümayiş olunub, dahi şairin əsərlərinin təqdim edildiyi sərgi keçirilib.