Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) onlayn formatda I Beynəlxalq Elmi Konfrans keçirilib.

 

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov və baş katibi Elizaveta Bydanova qonaqları salamlayıb,  tədbirin işinə uğurlar arzulayıblar.

 

Tədbirin açılış sessiyasında Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Fransanın Azərbaycandakı səfiri Zacharie Gross, ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Strasburq Universitetinin Prezidenti Michel Deneken, ADNSU-nun elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın Tədqiqat departamentinin rəhbəri, professor Filip Turek çıxış edərək konfransın əhəmiyyətindən və iki ölkə arasında elmi əlaqələrin inkişafında mühüm rolundan bəhs ediblər. Konfransı Azərbaycan və Fransanın ali təhsil sahəsində mühüm hadisə kimi dəyərləndirən iştirakçılar hər iki universitetə böyük töhvə verəcəyinə ümidvar olduqlarını deyiblər.

 

Açılış mərasiminin əsas qonağı qismində Strasburq Universitetinin professoru, kimya üzrə Nobel mükafatı laureatı Jean-Marie Lehn “Həyat boyunca addımlar: Kimya” adlı məruzə ilə çıxış edərək kimya elminin bəşəriyyətin təkamülündə rolu barədə danışıb.

 

Daha sonra tədbir 3 paralel sessiyada 2 gün ərzində onlayn formatda davam edib. Konfransda ADNSU, UFAZ və Strasburq universitetinin 30 nəfər professor və gənc tədqiqatçısı kimya, yer elmləri, kompüter elmləri sahəsində müxtəlif elmi məruzələrlə çıxış edib. Tədbirdə ümumilikdə, 200 nəfərə yaxın tələbə, gənc alim və müəllim iştirak edib.

 

Gənc tədqiqatçıların hazırladığı elmi posterlərin təqdimatı və müxtəlif şirkətlərin nümayəndələrinin iştirakı ilə “Sənaye ilə əməkdaşlıq – birgə necə işləmək olar?” sessiyası da baş tutub. Universitetlər və biznes sektoru arasında əməkdaşlığın müxtəlif formaları müzakirə olunub.