Dekabrın 3-də Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbində Beynəlxalq Əlillər Gününə həsr edilmiş tədbir keçirilib.

 

Tədbirdə iştirak edən təhsil naziri Emin Əmrullayev əvvəlcə internat məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış olub. Daha sonra nazir məktəbin müəllim və şagirdləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb. 

 

Təhsil naziri uşaqların hər birinin öz istedadı ilə gələcəkdə böyük uğur qazanacaqlarına inamını ifadə edib və bildirib ki, istedad heç bir əngəl tanımır. Emin Əmrullayev qeyd edib ki, sağlamlıq imkanları məhdud uşaqlara hər zaman dövlət tərəfindən lazımi diqqət və qayğı göstərilir, onların problemlərinin həlli istiqamətində addımlar atılır. 

 

Məlumat verilib ki, sözügedən internat məktəb 1936-cı ildən 80 nəfər şagirdlə fəaliyyətə başlayıb. 2006-ci ildə məktəb Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilib. Hazırda məktəbdə 310 şagird oxuyur. Şagirdlərdən 11 nəfəri evdə təlim alır. Məktəbin yataqxanasında 85 nəfərədək şagird qalır. 

 

Tədbirin bədii hissəsində məktəbin şagirdlərinin ifasında Nizami Gəncəvinin qəzəlləri, şeirlər, vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib. Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunan səhnəcik nümayiş olunub.