Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) arasında bu il  imzalanmış anlaşma memorandumuna əsasən,  ADMİU-nun rektoru, professor Ceyran Mahmudova başda olmaqla, universitetin bir qrup müəllim və tələbə heyəti LDU-da növbəti iki günlük səfərdə olublar.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov qonaqlara universitet, burada tədris olunan ixtisaslar barədə ətraflı məlumat verərək bildirib ki, musiqi və təsviri incəsənət müəllimliyi ixtisasları üzrə ADMİU ilə birgə tələbə hazırlığı LDU-nun tələbə və müəllimləri üçün faydalı olacaq. Bu səbəbdən də LDU ADMİU-nun bu ixtisaslar üzrə tədris planlarını tədbiq etmək, tələbə-müəllim mübadiləsini həyata keçirmək, bu sənət ocağının böyük təcrübəsindən yararlanmaq niyyətindədir.

 

Yaradıcılıq səfəri çərçivəsində ADMİU-nun müəllimlərindən respublikanın əməkdar rəssamı Vüqar Əli və Asim Bayramov LDU-nun Təsviri incəsənət müəllimliyi ixtisasında təhsil alan tələbələrə rəngkarlıq və boyakarlıqdan ustad dərsləri keçiblər.

 

ADMİU-nun teatr sənəti fakültəsinin Musiqili teatr aktyorluğu ixtisası üzrə IV tədris ili tələbələri səfərin birinci günü LDU-nun geniş Akt zalının səhnəsində C.Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları” povestinin motivləri əsasında hazırlanmış “Yol” tragikomediyasını təqdim ediblər. Kurs rəhbəri, resbublikanın əməkdar artisti Şövqi Hüseynovun quruluş verdiyi tamaşada rolları tələbələrdən Lalə Qarayeva, Böyükxanım Məmmədova, Ülvi Həşimov, Qüdrət Fətullayev, Zeynəb Babayeva, Kamran Şahverənov, İnci Fərəcova, Tural İbrahimov, Cavid Rzayev ifa ediblər. Tamaşanın musiqi tərtibatını Rüfət Xəlilov verib.

 

Səfərin ikinci günü isə tələbə aktyorlar italyan dramaturqu Daryo Fonun “Markofta” komediyasından bir parçanı ifa ediblər. Hər iki tamaşa LDU-nun müəllim və tələbələri tərəfindən maraqla qarşılanıb.

 

Tamaşanın sonunda professor N.İbrahimov maraqlı, zəngin səfər proqramına, gözəl tamaşaya və ustad dərslərinə görə professor Ceyran  Mahmudova başda olmaqla, universitetin müəllim və tələbələrinə təşəkkürünü bildirib, yaradıcı görüşlərin hər iki tərəf üçün səmərəli olduğunu deyib.

 

İki universitet arasında əməkdaşlığın möhkəmləndirilməsində fəal iştiraka görə tələbə aktyorlara, onların kurs rəhbərlərinə, müəllimlərə LDU-nun “Təşəkkürnamə”ləri və xatirə hədiyyəsi təqdim edilib.