Naxçıvan Dövlət Universitetində orta məktəb müəllimləri üçün Texnologiya müəllimliyi ixtisası üzrə ixtisasartırma kursları təşkil edilib.  

 

Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə birgə bu cür tədbirlərin keçirilməsi, bilik və təcrübə mübadiləsi gələcək pedaqoji fəaliyyət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir. Belə seminarların gələcəkdə daha mütəşəkkil təşkili əməkdaşlığın daha sıx davamı baxımından önəmlidir.

 

Kursun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Quliyeva kursun keçirilməsində əsas məqsədin orta məktəb müəllimləri ilə universitet arasında əlaqələrin genişləndirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, muxtar respublikada bu formada kursların təşkil edilməsi müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi rol oynayır.

 

Tədbirdə iştirak edən müəllimlər “Tikiş texnologiyası”, “Xalçaçılıq texnologiyası”, “Toxuculuq texnologiyası”, “Kulinariya”, “Ağac və metal məmulatlarının hazırlanması texnologiyası” kabinələri ilə tanış olublar.

 

Məlumat üçün bildirək ki, 5 günlük kurslar həmin ixtisasları əhatə edən kabinə və mərkəzlərdə hər gün 2 saat olmaqla müəyyənləşdirilib.

 

Təlimlərdə 15 müəllim iştirak edir.