Britaniya Şurasının Azərbaycan üzrə direktoru Fransis Qardener –Trexo Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.

Universitetdə keçirilən ikitərəfli görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev ali məktəbin zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqda məlumat verib. Mütəxəssis hazırlığı istiqamətləri, tədrisin və elmi fəaliyyətin məzmununun təkmilləşdirilməsi sahəsində həyata keçirilən islahatlar,  qarşıya qoyulan strateji hədəflər barədə danışan E.İsayev sürətlə modernləşən ali təhsil ocağının beynəlxalq əməkdaşlıq üzrə prioritetlərini diqqətə çatdırıb. Akademik fəaliyyətdə  də uğurlara imza atıldığını vurğulayan rektor bildirib ki, universitet müəllimlərinin öz elmi məqalələri ilə yüksək impaktfaktorlu jurnallara çıxışı təmin edilib.

Ali təhsil ocağında yeni qurulacaq texnopark layihəsi çərçivəsində Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələr haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, 1998-1999-cu tədris ilindən etibarən İngilis və Fransız dili ixtisasları, hal-hazırda isə xarici dillər fakültəsində 6 xarici dil üzrə ixtisaslar mövcuddur. İngilis dili və tərcümə, İngilis dili və metodika kafedralarında bu sahə üzrə kadr hazırlığı diqqətdə saxlanılır; tələbələrə ingilis dili ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti ilə bağlı dərslər də keçirilir.

Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında yaranmış elmi-mədəni sahələrdə münasibətlərin möhkəmlənməsi, inkişafında “British Council”in xüsusi rolunun olduğunu qeyd edən Fransis Qardener –Trexo bildirib ki, müəllimlərin təkmilləşdirilməsi üzrə “British Council” tərəfindən həyata keçirilən layihələr Azərbaycanda öz peşəkarlığı, səriştəliliyi ilə fərqlənir, müasir təlim texnologiyalarına, fəal, interaktiv təlim metodlarına yiyələnmiş ingilis dili müəllimlərinin formalaşmasına zəmin yaradır.

İkitərəfli görüşdə təhsil sahəsində əlaqələrin inkişafı üçün gələcək perspektivlər müzakirə olunub.

Sonra  ali təhsil ocağının xarici dillər fakültəsində olan qonaq burada fəaliyyət göstərən İngilis dili mərkəzi, Sinxron tərcümə mərkəzi, linqafon və ingilis və Amerika ədəbiyyatına aid olan bədii əsərlər, tərcümə əsərləri, tələbələrin dərsdən kənar mütaliələri, fəaliyyətləri üçün faydalı olan xarici ölkə ədəbiyyatı kabinəsində olub, dərs prosesini izləyib.