Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsinin təşkilatçılığı ilə Azərbaycan aşıq sənətinin zirvələrindən  biri olan ustad Aşıq Ələsgərin anadan olmasının 200 illiyi münasibəti ilə" Aşıq Ələsgər - 200" adlı yubiley tədbiri keçirilib.

 

Tədbirin bədii hissəsində Azərbaycan Aşıqlar Birliyinin üzvü, gənc aşıq Sayad Aydınoğlu, fakültənin məzunu olan gənc aşıq Ceyhun Qurbansoy ustadın irsindən ifalar təqdim edib, fakültədə fəaliyyət göstərən "MEH" ədəbi dərnəyinin üzvləri olan tələbələr Ələsgər yaradıcılığından müxtəlif şeirlər səsləndirib, bədii kompazisiya nümayiş etdiriblər.

 

Açılış nitqi ilə çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, dahi sənətkarın irsi Ulu öndər Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ilk dəfə dövlət səviyyəsində diqqət mərkəzinə gəlmiş və Aşıq Ələsgərin 150 illik yubileyi təntənəli surətdə qeyd edilmişdir; Ulu öndər yolunun davamçısı, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə qayğısının bariz göstəricisi kimi bu ilin əvvəlində Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı sərəncam imzalanıb.

 

Beynəlxalq əlaqələr üzrə prorektor, professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov,  əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədov qeyd ediblər ki, Aşıq Ələsgər həm aşıq, həm də böyük şair idi. Böyük söz ustadı ölkə hüdudlarından kənarda da tanınır. Belə ki, 2009-cu ildə Azərbaycan aşıq sənəti YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu, dolayısı ilə aşıq sənətinin zirvələrindən olan Aşıq Ələsgər yaradıcılığına da verilən dəyərdir. Digər tərəfdən Aşıq Ələsgərin əsərlərindəki pedaqoji görüşlər və tərbiyə məsələləri də geniş araşdırılaraq metodik ədəbiyyatlarda əks olunmalıdır.

 

Tədbirdə Ədəbiyyat kafedrasının professoru Mahmud Allahmanlı, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru İslam Sadıq,  Ədəbiyyat kafedrasının dosenti Qüdrət Umudov Aşıq Ələsgərlə bağlı elmi məruzələrlə çıxış ediblər.