Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

 

Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi ilk partiya təşkilatı ilə birgə gerçəkləşdirilən tədbirdə öncə Ulu Öndərin həyat və fəaliyyətinə aid videoçarx nümayiş olunub.

 

Konfransda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən ətraflı bəhs edib. Bildirib ki, Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizi zamanın sərt və ağır sınaqlarından çıxarıb, xalqın ictimai-siyasi, həmçinin mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.

 

Bugünkü qüdrətli Azərbaycanın əsasını ulu öndər  Heydər Əliyevin qoyduğunu deyən rektor Ümummilli Liderin layiqli davamçısı, siyasi varisi İlham Əliyevin 18 illik Prezidentliyi dövründə ölkəmizin sürətli inkişaf yolu keçdiyini və bu dövrdə əldə olunan möhtəşəm nailiyyətlərin zirvəsində 44 günlük Vətən müharibəsində qazandığımız parlaq qələbənin dayandığını bildirib. Ümummilli lider Heydər Əliyevin “Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək” fikirlərini xatırladan H.Məmmədov Azərbaycan xalqının bu tarixi bəyanatın gerçəkliyinin bir daha əyani şahidi olduğunu vurğulayıb.

 

Tədbirdə Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında xidmətlərini özündə əks etdirən məruzə ilə çıxış edib. Heydər Əliyevin dünyamiqyaslı siyasətçi olduğunu vurğulayan millət vəkili Ulu Öndərin liderlik xüsusiyyətlərini sadalayıb. O, bu gün qalib xalq olmağımızın, tarixi qələbəmizin kökündə Heydər Əliyev siyasətinin dayandığını bildirib.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru, YAP BMU ərazi ilk partiya təşkilatının sədri Bayram Hüseynzadə tarixi şəxsiyyət Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən danışıb. Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldığını deyən prorektor Heydər Əliyevin 1990-cı illərin əvvəllərində ölkəmizin xilası üçün atdığı addımlara toxunub, görkəmli şəxsiyyətin respublikamıza ikinci rəhbərliyi dövründə Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxardığını bildirib.  Bu gün ölkəmizin dünyada söz sahibinə çevrilən qüdrətli, qalib dövlət olduğunu deyən B.Hüseynzadə bildirib ki, Azərbaycan dövləti həmişə var olacaq və ulu öndər Heydər Əliyevin dediyi kimi, əbədiyyətə qədər yaşayacaqdır.