Mingəçevir Dövlət Universiteti (MDU) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Ali təhsil müəssisəsində elmi-tədqiqat işlərinin gücləndirilməsi yolları” mövzusunda elmi-praktiki seminar keçirilib.

 

ADA Universitetinin ictimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və təhsilin idarə edilməsi fakültəsinin proqram direktoru Saida Nəbiyeva tərəfindən keçirilən seminarda MDU-nun gənc akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.

 

ADA Universiteti ilə işbirliyinin inkişaf etdirilməsinin önəmindən bəhs edən MDU-nun rektoru Şahin Bayramov paytaxtın bu nüfuzlu ali təhsil müəssisəsi tərəfindən həyata keçirilən və regionlarda yerləşən universitetlərdə elmi potensialın gücləndirilməsinə hədəflənən “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsindən söhbət açıb.

 

Müasir dövrdə universitetlərin əsas missiyalarından birinin səmərəli və nəticəyönümlü elmi-tədqiqat fəaliyyətləri ilə yerləşdikləri regionun inkişafına töhfə vermək olduğunu vurğulayan rektor bu məqsədlə sözügedən layihənin təqdim etdiyi imkanlardan danışıb.

 

Akademik heyət üzvlərinin və magistrantların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edən bu proqramın təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən Ş.Bayramov qazanılan bilik və bacarıqların tezliklə universitetdə elmi fəaliyyətin səmərəliliyinin yüksəlməsində özünü doğruldacağına əminliyini söyləyib və seminar iştirakçılarına uğurlar arzulayıb.

 

Sonra ADA Universitetinin fakültə dekanı A.Vəliyev “Elmi-tədqiqat işi üçün məlumatların toplanması və təhlili” və proqram direktoru S.Nəbiyeva “Universitetlər arasında birgə elmi-tədqiqat işlərinin təşkili” mövzusunda təqdimatlarla çıxış ediblər. Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan çıxışlarla bağlı geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

 

Seminarın sonunda cari ilin mart-iyun aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyələşdirdiyi və ADA Universitetinin reallaşdırdığı “Azərbaycanda Tədqiqat Potensialının Gücləndirilməsi” layihəsi çərçivəsində 10 həftə müddətində keçirilən “Tədqiqat metodları” və “Akademik yazı” kurslarını uğurla başa vurmuş MDU-nun akademik heyət üzvləri və magistrantlarına sertifikatlar təqdim edilib.