Azərbaycan bir il bundan öncə Azadlıq meydanında möhtəşəm bir Zəfər paradı keçirdi. Xalqımızın düşmən üzərindəki Qələbəsinin rəmzi təntənəsi olan parad!

 

Bu paradla gücümüzü, vətənsevərliyimizi, ləyaqətlə qazandığımız Zəfərimizi bütün dünyaya bir daha nümayiş etdirdik.

 

Biz xalq olaraq yaşadığımız qüruru, bəxtiyarlığı bu paradın əzəmətinə qatdıq. Ötən il fəxrlə tamaşa etdiyimiz parad, həqiqətən də səhnələrin ən gözəli idi!

 

Məlumdur ki, Azadlıq meydanı indiyə qədər çox hərbi paradlar görmüşdü. Bu paradlarda zaman-zaman dövlətimizin siyasətində prioritetlik qazanmış ordu quruculuğu, ölkəmizin hərbi gücü, öz torpaqlarının azadlığı üçün qarşısına qoyduğu məqsəd aydın təcəssüm olunur, bununla da həm daxili auditoriyaya, həm beynəlxalq aləmə, həm də işğalçı Ermənistana vacib mesajlar ötürülürdü. Bu paradlarda nümayiş olunan istər ağır hərbi texnika, istər əsgər-zabit kontingenti, istərsə də hərbi aviasiya potensialı sübut edirdi ki, Azərbaycan öz torpaqlarını azad etməyə tam hazırdır.

 

Zəfər paradı isə həmin hərbi paradların məntiqi və mənəvi, simvolik yekunu kimi müstəqil Azərbaycanın tarixində ilk ehtişamlı hadisə oldu.

 

Tribunada Müzəffər Ali Baş Komandan İlham Əliyevin və haqq savaşında Azərbaycanın yanında dayanan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qələbə sevincini birlikdə paylaşması olduqca qürurverici idi. Meydandan intizamlı düzülüşlə keçən 3000 Azərbaycan əsgər və zabiti ilə yanaşı, türk əsgər və zabitlərini, Azərbaycan hərbçiləri tərəfindən Şuşa şəhəri üzərində qaldırılan, parada gətirilən Zəfər bayrağını, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerləri izləmək, Ermənistan ordusunun məğlubiyyətini əyani şəkildə nümayiş etdirən hərbi qənimətlərə seyrçi olmaq ürəyimizi dağa döndərən, beynimizdəki məğlubiyyət izinin silindiyini, vicdanımızın artıq rahat, başımızın uca, alnımızın açıq olduğunu göstərən möhtəşəm mənzərə idi. Prezident İlham Əliyev müharibə boyu xalqla təmasının ardını paraddakı tribunadan davam etdirərək savaşın nəticələrini ümumiləşdirdi və Azərbaycanın gələcəyinin daha parlaq olacağına inamlı notlarla yekun vurdu.

 

Məlumdur ki, o paradı Azərbaycan və Türkiyə rəhbərləri birgə qəbul etdi. Azərbaycan əsgəri ilə türk əsgəri o meydandan çiyin-çiyinə keçdi. Həmin gün paytaxtın hər yerində Türkiyə və Azərbaycan bayraqları dalğalandı. Nəyə görə? Çünki ilk günlərdən Türkiyənin tutduğu cəsarətli mövqe, xarici çevrələrə ünvanlanan tələbkar vurğu bizim Zəfərimizdə həlledici rol oynadı; Çünki bu Zəfər Qardaşlığın Zəfəri idi. Genetik kökləri eyni olan bir millətin işğala qalib gələn iradəsinin təntənəsi idi.

 

Zəfər paradında Azərbaycan Qarabağda terrorun hökmünü aradan qaldırmış, bütün kirli tərtibləri pozmuş, məğlubiyyəti düşmən üçün qəddar bir həqiqətə çevirmiş, uğurunun işığı ilə qaranlığı yarmış, xalqının haqqını öz gücü ilə qorumağı bacarmış bir dövlət olaraq dayanmışdı.

 

Qarabağ uğuru Azərbaycan övladlarının vətənsevərlik, qorxmazlıq obrazını yaratdı. Azərbaycan əsgərinin mətanətini, cəsurluğunu əfsanələşdirdi. Azərbaycan ordusunun nüfuzunu bütün dünyada möhkəmlətdi.

 

Qarabağ Zəfəri bütün xalqımızı, tutduğu siyasi xətdən asılı olmayaraq, daxildəki bütün qüvvələri birləşdirdi, aparılan müharibəyə, onun nəticələrinə pozitiv münasibət ortaya qoyuldu; Qələbə əhəmiyyətli həmrəylik, birlik yaratdı.

 

Bu qələbənin möhtəşəmliyinin ifadəsi, əbədiləşməsi Zəfər paradından başlayaraq, Hərbi Qənimətlər Parkının salınmasına kimi vacib işlərlə start götürdü. Parkda düşmənin 2 mindən çox hərbi avtomobilinin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

 

Qələbəmizin əbədiləşdirilməsi istiqamətində zəruri addımlar atılmaqda davam edir. Belə ki, Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin yaradılması ilə bağlı sərəncam imzalayıb.

 

Zəfərimiz tarix kitablarında, tarixi yaddaşımızda əbədi  möhkəmlənəcək. Çünki Azərbaycan beynəlxalq missiyanın 30 illik fəaliyyətinin nəticəsizliyini 44 günlük müharibə ilə sübut etdi. Azərbaycan hətta müharibənin gedişində xaricdən müntəzəm təhdid və təzyiq altında qalmasına baxmayaraq, hədəflərinə doğru inam və qətiyyətlə irəlilədi. Qarabağı azad etdi, bölgəni qəddar erməni terrorizmindən qurtardı.

 

Vəfa ALLAHVERDİYEVA