Sumqayıt Dövlət Universiteti (SDU) ilə Lənkəran Dövlət Universiteti (LDU) arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov bildirib ki, bağlanan müqavilə hər iki ali təhsil müəssisəsi arasında əlaqələrin möhkəmlənməsinə əlverişli şərait yaradacaq və elmi layihələrin həyata keçirilməsinə təkan verəcək.  Rektor rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti, buradakı təhsil, tədris prosesi və əldə olunan nailiyyətlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, region universitetləri yalnız təhsil, tədris və elmi-tədqiqat işləri ilə deyil, həm də regionda iqtisadi, sosial, mədəni mühitin inkişafında fəal rol oynayır, əmək bazarı, məşğulluq sahəsinə töhfələr verirlər.

 

LDU-nun rektoru, professor  Natiq İbrahimov  rəhbərlik etdiyi ali məktəbdə son illərdə görülən işlərdən, yeni ixtisaslardan söz açıb. Universitetlər arasında elm, təhsil sahəsində həyata keçirilən layihələrin, tələbə-müəllim mübadiləsinin vacibliyini qeyd edib, əlaqələrin daha da intensivləşməsinə ehtiyac olduğunu vurğulayıb.

 

Qeyd edək ki, imzalanan əməkdaşlıq müqaviləsində müəllimlər, doktorantlar, dissertantlar, magistrantlar və tələbələrin akademik mübadiləsi, magistrant  və bakalavriat tələbələrin stajkeçmə və təcrübələrinin təşkili, qarşılıqlı olaraq qazanılmış kreditlərin tanınması, qabaqcıl tədris metodlarının tətbiqi və inkişaf etdirilməsi üzrə təcrübə mübadiləsi, aktual istiqamətlərə dair birgə elmi tədqiqatların aparılması, simpozium, seminar, elmi-praktik konfrans, dəyirmi masa, telekörpünün keçirilməsi və digər məsələlər öz əksini tapıb.