Sumqayıt Dövlət Universitetində “Müstəqil Azərbaycan  Heydər Əliyevin xalqımıza ən böyük töhfəsidir” mövzusunda elmi-praktiki konfrans keçirilib.

 

Rektor, professor Elxan Hüseynov Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət modelinin formalaşmasına xidmət edən şərəfli ömür yolundan, həyat və fəaliyyətindən ətraflı bəhs edib. 

 

E.Hüseynov söyləyib ki, böyük siyasi xadim Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, qüdrətli dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

 

 “Bu gün Azərbaycan Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı,  Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf  edərək yeni-yeni uğurlara imza atır. Heydər Əliyevin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin onun layiqli davamçısı olan Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etmiş oldu. Bu gün müstəqil Azərbaycan etibarlı əllərdədir. Ölkəmiz Prezident İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf edir. Sosial-iqtisadi və mədəni həyatı əhatə edən bütün sahələrdə əldə olunan uğurlu nəticələr həm də Ulu Öndərin ruhu qarşısında bir hesabatdır”-deyə rektor vurğulayıb.

 

Humanitar məsələlər üzrə prorektor, dosent Ramiz Hüseynov  “Heydər Əliyev müstəqil Azərbaycan  dövlətçiliyinin banisidir”, Tarix və onun tədrisi metodikası kafedrasının müdiri, dosent Sona Məhərrəmova “Heydər Əliyevin Azərbaycançılıq ideologiyası”,  Maliyyə və mühasibat ucotu  kafedrasının müdiri, dosent Loğman Abdullayev “Heydər Əliyevin ideyaları ölkə iqtisadiyyatının davamlı  inkişafının əsasıdır”, Azərbaycan dili və onun tədrisi  metodikası kafedrasının baş müəllimi Elnarə Əhmədova  “Milli mədəniyyətimizin xilaskarı – Heydər Əliyev”, Tarix və coğrafiya fakültəsinin II kurs magistrantı Ceyhun Əsgərov  “Prezident İlham Əliyev- Ulu öndərin arzularını reallaşdıran lider” mövzularında məruzə ilə çıxış ediblər.