Dekabrın 14-də təhsil nazirinin müavini Firudin Qurbanov Karabük Universitetinin rektoru Rəfik Polat və Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı  ilə görüşüb.

 

Nazir müavini görüşdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin möhkəm olduğunu, hər zaman mürəkkəb məqamlarda, xüsusilə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsində, qələbəmizin əldə olunmasında qardaş ölkənin dəstək göstərməsini xüsusi vurğulayıb.

 

Firudun Qurbanov bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələrimizin inkişaf yolunda olduğunu qeyd edərək, iki ölkənin təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsi, təhsilin idarəolunması orqanları arasında müvafiq sazişlərin olması, ali təhsilin beynəlmiləşməsinin əsas istiqamətləri haqqında məlumat verib. Nazir müavini, həmçinin ölkəmizdə təhsilin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramlarının uğurla yerinə yetirildiyini diqqətə çatdırıb.

 

Karabük Universitetinin rektoru Rəfik Polat öz növbəsində rəhbərlik etdiyi universitet haqqında məlumat verib.

 

Görüş zamanı Karabük Universiteti ilə qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb, Karabük Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti arasındakı əlaqələr müzakirə edilib və ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə bakalavriat və magistratura təhsil səviyyələri  üzrə tələbə, eyni zamanda müəllim mübadiləsi məsələlərindən danışılıb.

 

Görüşdə hər iki universitetin inkişafı üçün ikili diplom proqramlarının tətbiqi və bu proqramın mühüm əhəmiyyəti vurğulanıb.

 

Sonda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim edilib.