Türkiyənin Karabük Universiteti ilə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) arasında ikili diplom proqramlarının tətbiqi ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb.

 

Sənədlərə Türkiyənin Karabük Universitetinin rektoru, professor Refik Polat və ADNSU-nun rektoru, professor Mustafa Babanlı imza atıb.  

 

Professor Refik Polat rəhbəri olduğu təhsil müəssisəsinin  qısa müddətdə qazandığı uğurlardan, elmi nailiyyətlərindən, maddi-texniki imkanlarından bəhs edib, dünyanın yüzlərlə universiteti ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyib. Cəmi 14 ildir, ali təhsil ocağı kimi fəaliyyət göstərən Karabük Universitetinə uğur gətirən əsas amilin elmi nailiyyətlərin yüksəkliyi ilə bağlı olduğu diqqətə çatdırılıb.

 

Rektor Mustafa Babanlı əməkdaşlığın hər iki universitet üçün, xüsusilə ADNSU üçün yeni perspektivlər yaradacağını bildirib.

 

Qeyd edək ki, iki universitet arasında bağlanmış müqavilədə bakalavr təhsil səviyyəsində 7 ixtisas üzrə ikili diplom praqramının tətbiqi nəzərdə tutulub. İxtisas seçimində hər iki tərəfin qarşılıqlı əməkdaşlıq çərçivəsində keyfiyyətli nəticə ala biləcəyi amillər nəzərə alınıb. İlkin olaraq 5 tələbənin mübadiləsi ilə layihəyə start veriləcək. Eyni zamanda, əməkdaşlıq müqaviləsində Erasmus proqramı əsasında yeni layihələrin və proqramların icrası da öz əksini tapıb.