Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadənin anadan olmasının 100 illiyi ilə əlaqədar sərgi təşkil edilib.

 

Sərgidə orijinal elmi ideyaları və yanaşmaları ilə müasir dünya elmində yeni istiqamətlər formalaşdıran alimin zəngin əsərlərini, o cümlədən məhsuldar həyatını özündə cəmləşdirən kitab və qəzetlərdən ibarət materiallar 2 həftə boyunca oxuculara təqdim ediləcək.

 

M. Səməd (Əliyev) “Dünya dahilərsiz yaşaya bilmir” (2000), F. Qurbanov “Lütfi Zadə-95” (2016), Zadeh L.Ed. “Computing methods in optimization probleme” (1969), Lütfi Zadə və A. Dezoer Çarls “Теория линейных систем. Метод пространства состояний” (1970), Lütfi Zadə “Понятия лингвистической переменой и его применение к принятию приближенных решений” (1979)  və digərləri sərgilənən nəşrlər sırasında yer alıb.

 

Qeyd edək ki, Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi Amerika, Yaponiya və Avropada elm və texnologiyaların inkişafına misilsiz töhfələr verib, iqtisadiyyatın dirçəlməsinə səbəb olub. ABŞ-ın Milli Kosmik Tədqiqatlar Mərkəzi  (NASA) məhz Lütfi Zadənin nəzəriyyələri əsasında idarəetmə sistemlərini təkmilləşdirib. O, həmçinin 200-dən çox elmi məqalənin müəllifi, 70-dən çox elmi jurnalın redaksiya heyətinin üzvü olub, 50-dən çox doktorant hazırlayıb.