Azərbaycan-Fransız Universitetində (UFAZ) magistratura pilləsində təhsil alan tələbələr üçün Strasburq Universitetində, eləcə də Fransanın digər universitetlərində doktorantura (PhD) təhsili imkanlarına dair məlumat sessiyası keçirilib. 

 

UFAZ-ın Elmi-Tədqiqat Departamentinin rəhbəri, professor Filip Turek əvvəlcə magistratura tələbələrinin Fransada və UFAZ-da təcrübə keçmək imkanlarından danışıb, Fransa konsorsiumu çərçivəsində bu məqsədlə ayrılan yerlərin sayı, ona qoyulan tələblər barədə tələbələrə məlumat verib. 2022-ci ilin birinci semestrində UFAZ-ın 3 ixtisas üzrə magistr tələbələri 5 ay müddətində Fransada təcrübə keçmək imkanı əldə edəcəklər.

 

Daha sonra F.Turek tələbələrə doktoranturanın qaydaları və tələbləri barədə məlumat verib. Gələn ildən UFAZ məzunları Fransada və ya Azərbaycanda tam PhD səviyyəsində, həmçinin UFAZ və Unistra professorlarının birgə rəhbərliyi altında beynəlxalq doktoranturada təhsil almaq imkanı əldə edə bilərlər.

 

Hazırda UFAZ-ın iki laborantı (Narinc Tağıyeva və Leyla Əliyeva) ADNSU-da və Strasburq Universitetində birgə fəlsəfə doktoru proqramı üzrə, bir müəllim (Fidan Aslanzadə) isə Strasburq Universitetində doktorantura pilləsində təhsil alır. UFAZ-ın riyaziyyat müəllimi Ülviyyə Abdulkərimova bu il Strasburq Universitetində namizədlik dissertasiyasını uğurla müdafiə edib.