Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə Antalyada keçirilən Elmi Tədqiqatlar və İnnovativ Araşdırmalar Konqresində iştirak etmək üçün Türkiyəyə ezam olunub.

 

Konqresdə Azərbaycanla yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Misir, Makedoniya, Mərakeş və İordaniyadan olan tədqiqatçılar, elm xadimləri bir araya gəliblər.

 

Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev “Erməni işğalı nəticəsində Qarabağda mədəniyyət və dini abidələrin dağıdılması” mövzusunda məruzə ilə çıxış edib. Bildirib ki, Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün muzeylər, məscidlər, abidələr dağıdılıb, bənzərsiz ekspozisiyalar talan olunub, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

 

MEK-in Sənədlərlə iş şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Reyhan Cəfərovanın “Qarabağ müharibəsi beynəlxalq humanitar hüquq kontekstində”, kitabxananın Sərbəst elektron resurslar şöbəsinin əməkdaşı Xəyalə Məmmədlinin Rövşən Məmmədli ilə həmmüəllif olduqları “Post müharibə dövründə tədqiqat və təhlil: Qarabağ müharibəsi Mərkəzi Elmi Kitabxana sistemində” adlı məruzələri Azərbaycan və ingilis dillərində dinlənilib.

 

Hibrid formada davam edən sözügedən konqresə MEK-in digər əməkdaşları da öz məruzələri ilə qatılıblar. 

 

Qeyd edək ki, konfransın yekununda MEK-in baş direktoru M.Əliyev İKSAD rəhbərliyi tərəfindən xüsusi mükafatlarla, nümayəndə heyəti isə simvolik hədiyyələr və sertifikatlarla təltif edilib. Həmçinin MEK adından müxtəlif ölkələrdən olan konfrans iştirakçılarının hər birinə Qarabağ Zəfərinin simvoluna çevrilən "Xarı Bülbül” ikonu hədiyyə edilib.