ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərinin sakini, Monterey-Lənkəran Dostluq Assosiasiyasının sədri xanım Nensi Selfric Lənkərana səfəri çərçivəsində  Lənkəran Dövlət Universitetində (LDU) olub. Onu  ADA Universitetinin professoru Şəfəq Mehrəliyeva müşayiət edib.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov universitetdə görülən yenidənqurma işlərindən, tədrisin modernləşdirilməsindən, əldə edilən uğurlardan danışıb. Bu il ABŞ səfirliyinin dəstəyi ilə LDU-da Amerika mədəniyyət guşəsinin yaradılması  barədə müqavilə imzalandığını və yaxın müddətdə guşənin istifadəyə veriləcəyini amerikalı qonağın diqqətinə çatdırıb.

 

Xanım Nensi Selfric rektorla söhbət zamanı  LDU ilə Monterey Yarımada Kolleci arasında tələbə-müəllim mübadiləsi məsələlərini  müzakirə edib. Kolleclə əməkdaşlıq müqaviləsinin imzalanmasını məqsədəuyğun hesab edən qonaq yaz və qış semestrləri arasında olan tətil müddətlərində tələbələrin, müəllimlərin ödənişsiz təlimlərə cəlb olunmasını hər iki tərəf üçün səmərəli hesab edib.

 

Sonra Nensi Selfric universitetin professor-müəllim-tələbə heyəti ilə görüşüb. Onlara Amerika təhsilinin mühüm istiqamətlərindən, Montereydəki Kollecin işindən söz açıb, iştirakçıları maraqlandıran sualları cavablandırıb.

 

Xatırladaq  ki, ABŞ-ın Kaliforniya ştatının Monterey şəhəri 2010-cu ildən Lənkəranla qardaşlaşıb və Nensi Selfric  LDU-ya  ilk dəfə  2018-ci ilin oktyabrında səfər edib.