İspaniyanın nüfuzlu SCImago Institutions Rankings - Qlobal reyting təşkilatının  2021-ci il üçün keçirdiyi rəy sorğusuna əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)  Şərqi Avropa ölkələri üzrə tədqiqat istiqamətində 459-cu sırada olmaqla, Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

 

Tərtib edilmiş siyahıda həm dünya, həm Şərqi Avropa ölkələrindən müxtəlif ali məktəblərin, həm də Azərbaycan daxilində üç universitetin - Bakı Dövlət, Azərbaycan Dövlət Neft və Sənaye, həmçinin Azərbaycan Tibb universitetlərinin adları yer alıb.

 

Regional və qlobal elmi bazaların indeksləşdirmə sistemlərində yer alan bir universitetin ölkə, regional və dünya səviyyəsində sıralanması zamanı öncə həmin ali təhsil müəssisəsi alimlərinin elmi məqlələrinin, jurnallarının, patent və digər nəşrlərinin “Scopus", "Web of Science" kimi elmi bazalara daxil olaraq indeksləşməsi əsas götürülür. Bundan əlavə, universitetlərin reytinqləri tədqiqat işləri, yetişdirdiyi kadr potensialı, əcnəbi və yerli tələbə sayı, elmi ədəbiyyatı, kitabxana bazası və digər vacib nüanslar nəzərə alınmaqla müəyyən olunur.

 

SCImago Institutions Rankings -Qlobal reyting təşkilatı da bu və ya digər parametrləri nəzərə alaraq, universitetlərin reytinqlər siyahısını tərtib edib və təşkilat universitetlərdən "Scopus” beynəlxalq elmi bazasında məqalələrin dərci və istinadlara əsasən, 2021-ci il üçün yeni siyahını hazırlayıb. ADNSU ümumi istiqamətlər üzrə dünya universitetləri arasında 855-ci sırada yer almaqla Azərbaycandan ikinci sırada qərarlaşıb.

 

Təşkilatın Şərqi Avropa ölkələri üzrə apardığı araşdırmalara görə elmi sahələr üzrə ADNSU 855-ci sırada olmaqla ikinci yerdə, tədqiqat sahəsi üzrə isə birinci yerdə - (459) - qərarlaşıb:

 

Bundan əlavə tərtib olunmuş siyahıda ADNSU 686-cı sırada yer qazanmaqla,  Kompüter elmləri üzrə də birinci sırada qərarlaşıb:

 

SCImago Institutions Rankings təşkilatı universitet və elm mərkəzlərini onların elmi-tədqiqat fəaliyyətinin nəticələri, innovasiyalara verdiyi töhfə və İnternet şəbəkəsindəki reprezentativlik səviyyəsinə görə ranqlaşdırır. Reytinqdə yer almaq üçün əsas şərtlərdən biri son bir il ərzində SCOPUS bazasına daxil olan elmi jurnallarda ən azı 100 elmi məqalənin dərc olunmasıdır.