Azərbaycan xalqı xoşbəxt xalqdır. Təkcə ona görə yox ki, bu xalq dünyanın ən gözəl iqlim qurşaqlarından birində yaşayır, torpağı, insanları, maddi və mənəvi sərvətlərlə, dəyərlərlə zəngindir. Bu xalq həm də ona görə xoşbəxtdir ki, tarixin müxtəlif məqamlarında bu ölkəyə rəhbərlik edən şəxsiyyətlər, sərkərdələr, dövlət rəhbərləri təkcə öz məmləkətlərinin, öz bölgələrinin deyil, həm də daxil olduqları regionun, hətta belə demək mümkünsə, müasir günümüzdə bütün dünyanın ən sayılıb-seçilən, regionda, dünyada çox böyük nüfuz sahibi olan dövlət başçılarına sahib olub. Təkcə elə son 50-60 ilə nəzər salmaq kifayətdir ki, Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin necə böyük mənəvi, eyni zamanda, dövləti idarə etmək üçün lazım olan bütün keyfiyyətlərə malik olduqlarını görə bilək. Bu məqamda isə, onu da qeyd etmək lazımdır ki, müstəqil Azərbaycan əslində o qədər də böyük coğrafi əraziyə malik olan bir dövlət deyildir. Amma bu ölkə, xüsusilə, son 30 ildə ona rəhbərlik edən dahi şəxsiyyətlərin sayəsində regionun, bəlkə də dünyanın ən aparıcı dövlətlərindən birinə çevrilib.

 

Xalqımızın xoşbəxt olduğunu deyirik. Tarixin gedişatından o da məlumdur ki, mütləq mənada xoşbəxtlik yoxdur. Sanki, bu mənada, bizim xoşbəxtliyimizə göz dəymiş, xoşbəxtliyimizin tam olmaması üçün mənfur erməni tayfası bizə qonşu olmuşdur. Artıq 200 ildir ki, xalqımız bu mənfur qonşulardan çəkdiyini çəkib, tam mənası ilə xoşbəxtliyinin ləzzətini yaşaya bilməyib. Amma nə yaxşı ki, Allah bizə, eyni zamanda  ulu öndər Heydər Əliyevi və sonra onun ideyalarını, ideallarını, qoyduğu dəsti-xətti uğurla davam etdirən Müzəffər Ali Baş Komandanımız, sevimli Prezidentimiz İlham Əliyev kimi dövlət başçısını göndərib.

 

Təqribən 30 il çox ağır günlər yaşadıq: öz dədə-baba torpaqlarımızdan qovulmağa, Mil-Muğan düzlərində, ilan mələyən çöllərdə, çadır şəhərciklərində, vaqonlarda yaşamağa qədər. Xalqımız çox əziyyət çəkdi, amma bu ağır günlərdə əsla inamımızı itirmədik. İnandıq ki, doğma Qarabağımıza, doğma Şuşamıza bir daha qayıdacağıq. Təbii ki, bu inam öz-özünə yaranmadı.

 

Bunu xalqın mənəvi dünyasında qoruyub saxlayan heç şübhəsiz ki, ilk növbədə, Ulu Öndər, dahi rəhbər Heydər Əliyev oldu. Heydər Əliyevin və İlham Əliyevin Azərbaycan xalqının tarixində, taleyində misilsiz rolları ondan ibarət oldu ki, onlar ilk növbədə, bu xalqı mənəvi baxımdan parçalanmağa, ümidlərini itirməyə qoymadılar. Onlar bir rəhbər kimi ən çətin anlarda, dünyanın bizdən üz döndərdiyi ən çətin zamanlarda belə, xalqın mənəvi birliyinə nail oldular. Bir siyasətçi kimi xalqın xoşbəxt gələcəyə, Qarabağın mütləq işğaldan azad olunacağına olan inamını gerçəkliyə çevirə bildilər. Xüsusilə, İlham Əliyev son 17 ildə Azərbaycanın iqtisadi, mədəni, siyasi inkişafına nail olmaqla bərabər, eyni zamanda, mənəvi birliyinə də nail oldu. Bu məqamda hörmətli, sevimli Prezidentimizin mənəvi dəyərlərdən biri kimi musiqi dünyasına göstərdiyi misilsiz qayğını da qeyd etmədən ötə bilmərəm. Çünki biz musiqiçilər  bu qayğını öz maddi və mənəvi həyatımızda bilavasitə hiss edirik. Ona görə də məhz bu günlərdə 60 yaşı tamam olan Prezidentimizin ad günü bütün xalqımızın bayramıdır.

 

İlham Əliyev xoşbəxt sərkərdə, xoşbəxt dövlət başçısıdır. Çünki o, adını Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq yazmağı bacardı. 44 günlük müharibə onun bütün istedadını  Azərbaycan xalqına bir daha göstərdi. Göstərdi ki, o, həm dahi sərkərdə, həm gözəl diplomat, həm bacarıqlı siyasi xadim, həm də həssas insan, xalqının hər bir vətəndaşının ürəyindən keçən bütün hissləri duyan bir ailənin rəhbəri, millətin atası, bir sözlə, müdrik dövlət başçısıdır.  Bu isə hər dövlət başçısına nəsib olan səadət deyildir.

 

Bəli, bu gün, həqiqətən də, Azərbaycan xalqı öz rəhbərini sevir, ona inanır. İnanır ki, sevimli Prezidentləri 44 günlük müharibədə özünü bir sərkərdə, bir diplomat, bir siyasi xadim kimi necə ləyaqətlə, şərəflə, məğrurcasına apardısa, bundan sonra da Qarabağla, Azərbaycanla bağlı bütün məsələlərin həllində o yüksəklikdə dayanıb Azərbaycanı ləyaqətlə təmsil edəcək. Məhz bu inam xalqda dövlət başçısına olan sevgini daha da artırır, onu xalqın sevimlisinə çevirir. 

 

Amma bu gün 60 yaşı qeyd olunan sevimli Prezidentimizin ömür yolu  qayğısızmı ötüşüb? Bizcə yox və belə düşünmək səhv olardı. Təbii ki, olduqca gərgin strateji mövqedə yerləşən bir  ölkənin  Prezidentinin qayğıları da kifayət qədərdir. Amma İlham Əliyevin bir Prezident kimi böyüklüyü ondan ibarətdir ki, o, bu qayğıların hamısını öz çiyinlərində çəkir, xalqını bu qayğılarla üz-üzə qoymaq istəmir. Bunu elə təkcə Bakının gündən-günə gözəlləşməsi ilə də sübut etmək olar. Həqiqətən də, indi Bakıda gəzərkən vətəndaşların xoşbəxt simalarını görəndə insan daha da fərəhlənir. Bütün bunlar isə yenə də, həqiqətən, sevimli Prezidentimizin xalqına olan qayğısının, sevgisinin təzahürüdür.  Bu mənada, bu gün xalqla Prezident arasında qırılmaz bir bağ, sonsuz bir sevgi vardır. Və xalq sevimli Prezidentinin ad gününü bayram kimi qeyd etmək istəyir. Ona görə biz də deyirik: Ad gününüz mübarək, əziz Prezidentimiz! Bayramın mübarək Vətən!

 

Hörmətlə,

Bakı Musiqi Akademiyasının rektoru, professor  Fərhad BƏDƏLBƏYLİ və Akademiyanın kollektivi