Bakı Musiqi Akademiyasında (BMA) Sola oxuma və opera hazırlığı kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova mətbuat konfransı keçirib.

 

BMA-nın 100 illik yubileyi münasibətilə Prezident İlham Əliyevin sərəncamından, akademiyanın fəaliyyətindən söhbət açan X.Qasımova xalqımızın dünya arenasında tanınmasında musiqinin mühüm əhəmiyyət daşıdığını bildirib.

 

O, torpaqlarımızın işğaldan azad olunması, 44 günlük müharibənin Zəfərlə başa çatmasının sevincini və qürurunu konfrans iştirakçıları ilə bölüşüb. Şuşada “Xaribülbül” musiqi festivalının, “Vaqif Poeziya Günləri”nin keçirildiyini qeyd edən  X.Qasımova bunları böyük hadisə adlandırıb:”Həmin torpaqlar bizə Xurşidbanu Natəvanı, Xan Şuşinskini, Bülbülü, Zülfi və Vasif Adıgözəlovları, təbii ki, Üzeyir Hacıbəyli kimi dühaları bəxş edib. Şuşa şəhəri mədəniyyət paytaxtı kimi bu gün yeni inkişaf, dirçəliş yoluna qədəm qoyub”-deyən BMA-nın professoru ölkə rəhbərini 60 illik yubileyi münasibəti ilə təbrik edib:”Hər bir azərbaycanlı fəxr edə bilər, onun Prezidentinin adı dünyanın qalib sərkərdələri sırasındadır. O, bizə şanlı tarix yaşadıb. Ümummilli lider Heydər Əliyevin qurduğu mədəni irsi layiqincə, ləyaqətlə davam etdirib, etdirməkdədir”.

 

X.Qasımova qeyd edib ki, bu müqəddəs təhsil ocağı Üzeyir Hacıbəylinin əməyi ilə, istəyi ilə yaradılıb:” Biz hamımız-pedoqoqlar, bütün tələbələr, musiqi sevənlər çox böyük həvəslə, şövqlə yubileyə hazırlaşmışıq. Bir il ərzində biz müxtəlif şəhərlərdə gözəl ifaçılar, solistlər, simfonik, gənc vokalçılarla müxtəlif səhnələri bölüşmüşük. Hər kəs səhnəyə çıxmağa, öz bacarığını nümayiş etdirməyə can atır. Bu yaxınlarda Akademiyanın 100 illik fəalliyətindən bəhs edən film çəkilib. Bu filmin nümayişində demək olar ki, bütün kollektiv iştirak edib. Bu il ərzində açıq deyə bilərəm ki, respublika çərçivəsində keçirilən müsabiqədə qaliblərimiz, beynəlxalq müsabiqələrdə qələbə qazanan gənc ifaçılar, vokalçılarımız var. 30 ilə yaxındır ki,  Solo oxuma və opera hazırlığı kafedrasına rəhbərlik edirəm. Bizim fəaliyyət göstərdiyimiz illərdə çoxlu sayda istedadlı gənclər yetişib. Onlar arasında Əməkdar, Xalq artistləri də var. Akademiyanı bitirənlərə hər zaman inanırıq. Onlar bizim ümidlərimizi doğruldur”.

 

Mətbuatın suallarını cavablandıran X.Qasımova valideynləri övladlarının istedadını  düzgün dəyərləndirməyə, onlara doğru istiqamət verməyə çağırıb:” Uşaqlar vokal sənətinə ciddi yanaşırlarsa, 17 yaşdan sonra oxumağa başlamalıdırlar. Azyaşlı uşaqların istedadını qiymətləndirmək çətin olur. Oxumağı istəmə həvəsi və oxumağı bacarmaq fərqli anlayışlardır. Yaxşı vokalçı olmaq üçün 1-ci növbədə təhsil önəmlidir. Belə bir fikir var ki, yaxşı ifaçı olmağa 2 ömür lazımdır. 1-ci ömür təhsil üçün, 2-ci ömür isə ifa etmək üçün nəzərdə tutulur. Lakin indiki gənclər tez bir zamanda məşhur olmağa can atırlar, tələsirlər. Mən həmişə onlara iradımı  bildirirəm. Əslində tənqid etmək yaxşı xüsusiyyətdir, əgər lazımi yerdə ediriksə. Mən bu gün təəssüflə bildirirəm ki, indi tələbələr italyan, alman, ingilis dillərini yaxşı bilmirlər. Buna ciddi yanaşmalıdırlar. Opera sənətinin dünyada daha yaxşı təbliği üçün xarici dilləri mənimsəmək olduqca vacib amildir”.