Mingəçevir Dövlət Universitetində (MDU) “Taleyimizə nur saçan Müzəffər Lider” mövzusunda elmi konfrans keçirilib.

 

Şəhid ailəsi üzvlərinin, MDU-nun İctimai Nəzarət Şurasında təmsil olunan şəhər ziyalılarının, universitet əməkdaşlarının, tələbə və magistrantların iştirakı ilə keçirilən konfransın açılışında rektor Şahin Bayramov çıxış edib.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin anadan olmasının 60 illik yubileyinin ölkəmizdə böyük sevinc və bayram əhval-ruhiyyəsi ilə qeyd edildiyini bildirən Ş.Bayramov bu əlamətdar gün münasibətilə dövlət başçısını konfrans iştirakçıları adından təbrik edib, ona möhkəm cansağlığı, Azərbaycan xalqının tərəqqisi, xoşbəxt və firavan gələcəyi naminə yorulmaz, qətiyyətli fəaliyyətində yeni-yeni uğurlar arzulayıb.

 

Ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük mirası olan müasir və müstəqil Azərbaycanın hazırda etibarlı əllərdə olduğunu vurğulayan rektor Prezident İlham Əliyevin qlobal liderlik və məharətli idarəçilik keyfiyyətləri, müdrik və qətiyyətli siyasəti, yüksək intellekti və əzmkar fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artdığını, müstəqil, dayanıqlı, dinamik və hərtərəfli inkişafda misilsiz və tarixi nailiyyətlər əldə edildiyini bildirib.

 

Sarsılmaz dövlət, xalq və ordu birliyi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərin qazanıldığını, ərazi bütövlüyümüzün və tarixi ədalətin bərpa edildiyini, milli qürurumuzun xilas olunduğunu bildirən Ş.Bayramov hazırda Azərbaycanın müstəqillik tarixinin ən parlaq və şanlı dövrünü yaşadığını deyib.

 

Ölkə başçısının uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində möhtəşəm Qarabağ Zəfərindən sonra bölgədə yaranan yeni geosiyasi və geoiqtisadi reallıqlardan bəhs edən MDU-nun rektoru işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsi istiqamətində aparılan genişmiqyaslı quruculuq işlərinin hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissləri yaratdığını söyləyib.

 

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

 

Məruzələrdə qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu hərtərəfli inkişaf strategiyası hazırda onun layiqli siyasi varisi, Prezident İlham Əlyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Tariximizin qalibiyyətlərlə dolu şanlı səhifələrinin yazıldığı müasir dövrdə Azərbaycan sürətlə inkişaf edir, sosial rifah səviyyəsini yüksəldir və dünyanın siyasi xəritəsində mövqeyini daha da gücləndirir.

 

Konfransdan sonra MDU tələbələrinin və Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik musiqi məktəbi əməkdaşlarının iştirakı ilə bədii tədbir keçirilib.