Türkiyənin Kafkas (Kars) Universitetinin prorektoru, professor Engin Kılıç, Beynəlxalq əlaqələr bölməsinin rəhbəri, professor Hacəli Nəcəfoğlu, baytarlıq fakültəsinin dekan müavini, professor Cihan Kaçar, həmin fakültənin professoru Yavuz Öztürklər  Lənkəran Dövlət Universitetində (LDU) olublar.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov  rəhbərlik etdiyi ali təhsil ocağı, burada son illərdə təhsilin modernləşdirilməsi istiqamətində aparılan islahatlar, maddi-texniki bazanın yenilənməsi və s. barədə ətraflı məlumat verib. Qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil ocaqları ilə son illərdə genişlənən əlaqələrdən danışan rektor bu əlaqələrin daha da möhkəmlənməsini məqsədəuyğun hesab etdiyini bildirib.

 

Görüşdə Kafkas Universitetinin prorektoru Engin Kılıç Baytarlıq klinikasının yaradılmasına kadr dəstəyinin veriləcəyini deyib.

 

Söhbət zamanı birgə kadr hazırlığı, müəllim və tələbə mübadiləsi, ortaq konfransların keçirilməsi, ikili elmi rəhbərlərin təyin olunması, müvafiq ixtisaslar üzrə ikili diplomların təsisi, LDU-da Baytarlıq klinikasının açılması və növbəti semestrdən başlayaraq  professor- müəllim heyətinin 1 və ya 2 semestrlik  LDU-da dərs keçmələri haqqında razılığa gəlinib.

 

Səfər çərçivəsində qonaqlar LDU-nun aqrar və mühəndislik fakültəsinin  müəllim, tələbələri ilə görüşüblər. Diskussiya şəraitində keçirilən görüşdə fikir və rəylər dinlənilib, iştirakçıları maraqlandıran  suallar cavablandırılıb.