“Azərbaycan Qadını Elmdə” təşkilatı növbəti təhsil layihəsinin icrasına başlayıb


“Azərbaycan Qadını Elmdə” təşkilatı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar üzrə Agentliyi tərəfindən həyata keçirilən “Avropa İttifaqı gender bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində 13-18 yaşlı məktəbli qızlar üçün “Fantastik dördlük“ adlı təhsil proqramı layihəsinin icrasına başlayır.

 

“Müasir Gənclərin İnkişafına Dəstək” İctimai Birliyi ilə tərəfdaşlıq şəraitində həyata keçirilən layihəyə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası müəllimlərinin və Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin mentor qismində cəlb olunması nəzərdə tutulur.


“Azərbaycan Qadını Elmdə” təşkilatının təsisçisi, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Edinburq Universitetində doktorantura təhsili almış Günel Ağabəylidir.

 

O,  “Azərbaycan müəllimi”nə layihənin məqsəd və hədəfləri barədə məlumat verib.


- Layihə iki mərhələdən ibarət olacaq. Birinci mərhələdə əsas məqsəd seçilmiş dörd regionda – Biləsuvar, Masallı, Lənkəran və Lerikdə 13-18 yaş aralığında olan məktəbli qızlar üçün müxtəlif təlim sessiyaları təşkil etməklə onlarda elmə və təhsilə maraq yaratmaq, həmçinin gələcəyin ixtisasları, xaricdə təhsil, texnika və mühəndislik sahələrində biliklərini artırmaqla təhsillərinə dəstək olmaq, onları gələcək həyatlarında təhsilin əhəmiyyəti haqqında maarifləndirməkdən ibarətdir. Maarifləndirmə prosesinə qızların valideynlərinin də cəlb olunması nəzərdə tutulur. Layihənin ikinci mərhələsi isə bütün ölkəni əhatə edəcək və onlayn formatda həyata keçiriləcək.

 

İkinci mərhələdə iştirak etmək istəyən məktəbli qızlar “Mən kim olmaq istəyirəm?” mövzusunda inşa yazaraq layihəyə qatılmalıdır.  Layihə çərçivəsində təşkil ediləcək təlim və fəaliyyətlərdən birinci mərhələdə ən azı 200 məktəbli qızın və 200 valideynin, ikinci mərhələdə isə 100 məktəbli qızın faydalanacağı gözlənilir.

 

Regionlarda ən azı 10 icma qrupu layihəyə cəlb olunacaq və layihə iştirakçıları sırasından 20 fəal məktəbli qız seçilərək “Azərbaycan Qadını Elmdə” təşkilatının bölgələr üzrə təmsilçiləri kimi layihənin davamlılığı istiqamətində fəaliyyət göstərəcəklər. Sonradan yerli icmaların dəstəyi ilə sözügedən təşəbbüsün müxtəlif təlimlərin təşkili yolu ilə davamlılığına nail olunacaq və beləliklə, layihənin əhatə dairəsi daha da genişləndiriləcək. Ümumilikdə, layihənin 2000 insanı əhatə etməsi planlaşdırılır.


Beynəlxalq təşəbbüs ailədə və cəmiyyətdə kişi və qadın rollarına dair stereotiplərin, gender əsaslı zorakılığın aradan qaldırılması istiqamətində fəaliyyət göstərərək, qadınlar, kişilər üçün bərabər hüquq və imkanları gücləndirməyi hədəfləyir. Proqram regional səviyyədə altı ölkədə – Gürcüstan, Azərbaycan,  Moldova, Belarus, Ukrayna  və Ermənistanda icra olunur. Layihənin gələn ilin fevral ayının sonlarına kimi davam etməsi nəzərdə tutulub.

 

Oruc MUSTAFAYEV