Bakı Dövlət Universiteti (BDU) 2 Fevral- Azərbaycan Gəncləri Gününə həsr olunmuş “İlin gənc alimi” nominasiyası üzrə müsabiqə elan edib. 

 

Mütəmadi olaraq keçirilməsi nəzərdə tutulan “İlin gənc alimi” mükafat müsabiqəsinin məqsədi BDU-nun yaşı 35-ə qədər olan, il ərzində aktiv elmi fəaliyyət göstərərək yüksək elmi nəticələr qazanmış, təsir (impakt) faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə dərc olunmuş elmi məqalələri və digər elmi əsərləri olan, elmi işlərinə istinad edilən, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.

 

Müsabiqəyə təqdim olunan iddia sənədlərinin qiymətləndirilməsi meyarlarına cavab verən qaliblər aşağıdakı 2 nominasiya üzrə “İlin gənc alimi” adını alır, diplom və pul mükafatları ilə təltif edilirlər:

 

-Təbiət və texnika elmləri üzrə – 1 mükafat (2 000 manat);

 

-Humanitar və ictimai elmlər üzrə – 1 mükafat (2 000 manat).

 

İddiaçılar müsabiqədə iştirakla bağlı hüquqi sənədləri və digər materialları (“Müsabiqənin meyarları” bölməsində göstərilmiş materiallar elektron formada) [email protected] ünvanına təqdim etməlidirlər.

 

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin elektron formada və ya kağız şəklində qəbulu 2021-ci il 30 dekabr tarixində başlayıb. Müraciət üçün son tarix isə 2022-ci il 25 yanvar saat 17:00-dır.